İranlı tələbələrdən Xocalı soyqırımı ilə bağlı bəyanat


23:33     21 Fevral 2017 1b1tv121a341f1o3c2go2t5p76XocaliSoyqirimi.jpg

Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı bəyanat veriblər.


Femida.az-a daxil olan bəyanatda deyilir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.
“Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə belə hazır olduğunu açıq şəkildə nümayiş etdirir. Ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir, lakin təəssüflər olsun ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz lazımi qiymətini almayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə bu məsələyə öz münasibətini bildirərkən deyib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İranın ali dini lideri Ayətullah Xamneyi də öz siyasi mövqeyini açıqlayarkən bildirib: “Bizim Qarabağ məsələsinə mövqeyimiz ilk gündən çox açıq və konkret olub. Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq haramdır və qanunla qadağandır”.
Artiq 25 ildir ki, dünya, o cümlədən də İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə qeyd edir və bu ağır və dəhşətli faciədə Azərbaycanla həmdərd olduğunu nümayiş etdirir. Biz, iranlı tələbələrin Azərbaycandaki birliyinin təmsilçiləri də Xocalı faciəsinin xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik”.

Açar sözlər:

Oxunub: 4479