`Xocalıları bükməyə kəfən tapılmırdı` - Ağdamın ilk deputatı


14:29     23 Fevral 2017 0612.jpg

“Meyitləri toplu halda “Kamaz”lardan yerə tökürdülər”.


Parlamentin Ağdam rayonundan birinci çağırış millət vəkili Çimnaz Əliyeva Xocalı soyqırımı ilə bağlı şahidi olduğu dəhşətli hadisələri Femida.az-a danışıb.

Həmin dövrdə Ağdam Rayon Mədəniyyət Şöbəsinin rəhbəri olan Çimnaz Əliyeva baş verən hadisələri belə xatırlayır:

“Xocalı soyqırımı ərəfəsində Ağdamda Respublika Qərargahı yaradılmışdı. Keçmiş ədliyyə naziri Əlisahib Orucov həmin qərargahın rəhbəri idi. Mən isə həmin vaxt Ağdam Rayon Mədəniyyət Şöbəsinin rəhbəri vəzifəsində çalışırdım. Xocalılar üçün Mədəniyyət Evində otaq ayırdım. Onların qeydiyyatdan keçməsi, yerləşdirilməsi məsələsində heç bir təmənna ummadan iş görürdük. Bütün bunları şəxsi təşəbbüsümüzlə, özümüzün maddi imkanlarımızla edirdik. Həmin vaxt mən həm də Ağdam Qadınlar Cəmiyyətinin sədri idim. Ağdamdakı qadınlar Xocalıların yerləşdirilməsi problemlərinin həllinə cəmləşmişdilər. Xocalılar peşə məktəbində, ayrı-ayrı evlərdə, sanatoriyada, texnikumlarda yerləşdirilmişdi. Xocalıdan didərgin düşmüş insanları siyahıya alıb müxtəlif evlərdə yerləşdirir, daha sonra isə onların maddi ehtiyaclarını qarşılamaq məqsədilə müxtəlif yardımlar edirdik. Onlara geyim alıb verirdik, ərzaqla təmin edirdik...”

Çimnaz Əliyeva bildirir ki, Xocalı sakinlərinə ilkin yardımın göstərilməsində ağdamlıların müstəsna xidmətləri olub:

“Hər bir Ağdam sakini xocalıların problemlərinin həllinə köklənmişdi. Onların meşələrin içərisindən çıxarılıb qarlı yollarla gətirilməsində ağdamlıların əvəzsiz xidmətləri olub. Bu mənada Milli Qəhrəman Allahverdi Bağırovun təşəbbüslərini xüsusilə vurğulamaq lazımdır. Mənim həyat yoldaşım da xocalıların Ağdamda yerləşdirilməsi, onların qarşılanmasında çox işlər görüb. Ağdamda hər kəs canla-başla xocalıların problemləri ilə məşğul idi”.



Çimnaz Əliyevanın sözlərinə görə, vəziyyət o dərəcədə dəhşətli idi ki, Ağdam məscidinə gətirilən xocalıların kəfənlənməsində ağ parça tapılmırdı:

“Meyitləri “Kamaz” və “ZİL” maşınları ilə daşıyıb gətirirdilər. Həmin günləri xatırlayanda bədənim uyuşur. Təsəvvürünüzə gətirin, meyitlər o qədər çox idi ki, KAMAZ-ın yük yerini qaldıraraq toplu şəkildə meyitləri yerə tökürdülər. Yəni meyitləri bir-bir düşürməyə imkan yox idi. Meyitlər kütləvi şəkildə məscidlərin yanında yerə tökülür, yuyulub kəfənlənir və dəfn olunurdu. Elə bir dövr idi ki, kəfən üçün nə ağ tapılırdı, nə də dəfn üçün tabut. Buna görə də qonşu rayonlara kömək üçün müraciət edirdik. Ağdamın yerli sakinləri evində nə var idisə, gətirirdi. Mənim anam yeşiklə sabun alıb gətirirdi ki, soyqırım qurbanları təmiz yuyulsun. Ağdam məscidinin qarşısındakı səhnələr gözümün qabağından getmir. Hamı ora yığışmışdı. Aşura günü məscidlərin qarşısında nə qədər insan olurdusa, Ağdamda məscidinin qarşısına da o qədər insan yığışmışdı. Xocalı faciəsi Kərbəla müsibətlərindən də dəhşətli idi. Bütün ailəsini itirmiş insanlar görmüşəm, əlin-ayağın don aparan insanlar görmüşəm. Xəstələr Ağdam hospitalına gətirilirdi. Çox ağır və dözülməz vəziyyət idi. Körpə uşaqların meyitləri indiyədək yaddaşımdan çıxmır. Tarix elə bir dəhşəti görməyib. Ayaqları donmuş qadınlar var idi. Onlar müalicə olunduqdan sonra Bakıya göndərildi. Mən bütün bunların hamısını öz gözlərimlə görmüşəm”.

Çimnaz Əliyeva sonda gənc nəslə tövsiyyələrini də çatdırdı:

“Mən hər kəsə, o cümlədən, nəvələrimə onu aşılayıram ki, Xocalını unutmasınlar. Xalqımız Xocalının yaddan çıxarmamalıdır. İşğal altında olan torpaqlarımız nə vaxtsa geri qaytarılacaq, amma Xocalı heç vaxt unudulmamalıdır. Xocalı hadisələrinin şahidi olan insanlar bu məlumatları hamıya çatdırmalıdır. Bütün dünya ermənilərin bu vəhşiliyindən xəbərdar olmalıdır. Bu gün doğulan, yeni dil açan uşaqlara izah etməliyik ki, Xocalıda belə bir faciə yaşanıb. Ermənilər əsrlər boyu öz övladlarına onu aşılayıblar ki, türklər onların düşmənidir. Biz isə övladlarımıza izah edirik ki, hər kəs bizə dost-qardaşdır. Bu hadisələr bizi oyatmalıdır”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5347


Oxşar xəbərlər