Dopinq riskli idman növlərinin siyahısı açıqlanıb


22:09     23 Fevral 2017 72562296aaq.jpg

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) tərəfindən götürülmüş dopinq-testlərin göndəriləcəyi antidopinq laboratoriyasının adına hələ aydınlıq gəlməyib.


Bu barədə AMADA-nın icraçı direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həm logistika, həm də maliyyə baxımından uyğun olan laboratoriya seçiləcək: "Hazırda Almaniyanın Köln şəhərindəki laboratoriya tələblərə cavab verir. Çox güman ki, dopinq-testləri Köln şəhərinə göndəriləcək. Bu, müasir laboratoriyadır. Bizə həm logistika, həm də maliyyə baxımından uyğun olanını axtarırıq. Laboratoriyanın dəqiq adını martda müəyyənləşdirəcəyik".

AMADA-nın icraçı direktoru deyib ki, dopinq riskli idman növləri daha çox diqqət mərkəzində olacaq: "Ağırlıqqaldırma, atletika, güləş və boks dopinqin riskli növlər siyahısındadır. Futbolda da dopinq-testlər götürmək niyyətindəyik".

O, AMADA nəzdində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsinin yaradıldığını, qurumun fəaliyyətinə isə 5 nəfərdən ibarət Müşahidə Şurasının nəzarət edəcəyini vurğulayıb.

Ş.Hüseynli Azərbaycanın Ümumdünya Antidopinq Agentliyi tərəfindən müvafiq tələblərə cavab verməyən ölkələr siyahısına Rusiyaya görə salınma ehtimallarını təkzib edib: "Mən burada siyasi problem görmürəm. Yaşadığımız problemlərin Rusiya ilə bağlı olduğunu düşünmürəm. Biz WADA ilə çox sıx münasibətdəyik. Onlar AMADA yeni yaradılanda bizə çox böyük dəstək veriblər".

Femida.az

Açar sözlər:

Oxunub: 939