Kərəm Həsənov Ağdamdadır


22:28     29 Mart 2017 14907852631592147817_1000x669.jpg

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov martın 29-da Ağdamda növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Ağdam, Bərdə, Ağcabədi, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.



Komitədən Femida.az -a bildirilib ki, səsləndirilən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, daşınmaz əmlakın kadastrı məsələlərinə aid olub. Qeydiyyatla bağlı müraciətlər fərdi həyət evi, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınmasını əhatə edib. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə səsləndirilən məsələlərin bir qismi yerində həllini tapıb. Digər müraciətlər üzrə komitənin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Qəbulda hərraclarda iştirak, özəlləşdirməyə çıxarılmış dövlət əmlakının, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər də səsləndirilib. Komitə sədri bildirib ki, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hər həftə açıq hərraclar keçirilir. Belə hərraclarda iştirak prosedurları sadə və rahatdır, istənilən vətəndaş bu yolla əmlak sahibi ola bilir.

Müraciətlərin bir qismi torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi məsələləri barədə olub. Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyi, əks halda qanunvericilikdə müvafiq tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, bir çox hallarda kənd təsərrüfatı məqsədli torpaqların təyinatı özbaşına dəyişdirilir, orada yaşayış evləri tikilir, süni göllər salınır və ya bu torpaqlar tamamilə istifadəsiz saxlanılır. Belə halların aşkar olunması və qarşısının alınması məqsədilə komitənin müfəttişləri tərəfindən monitorinqlərin aparıldığı nəzərə çatdırılıb. Qeyd olunub ki, torpaqların istifadəsi ilə bağlı hüquqi tələblər gözlənilməli, kənd təsərrüfatı torpaqları təyinatına uyğun istifadəyə qaytarılmalıdır.

Daşınmaz əmlakın qeydiyyatı prosesində rahatlıq və sosiallıq amillərinin gücləndirildiyini vurğulayan komitə sədri bunun əyani nümunəsi kimi “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərini göstərib. Bildirilib ki, artıq “Kütləvi çıxarış” kampaniyası iş yerlərində də vətəndaşlara xidmət göstərir. Belə xidmətlər sayəsində ünvanlarda, iş yerlərində, kənd və qəsəbələrdə, ucqar yaşayış məkanlarında vətəndaşların əmlakları sənədləşdirilir. Bu isə öz növbəsində komitənin qeydiyyat xidmətlərində vətəndaş məmnunluğunun artmasına səbəb olur. Paralel olaraq, vətəndaşlara təmənnasız hüquqi məsləhət xidmətinin də göstərilməsi məmnunluq səviyyəsini daha da yüksəldir.

Qəbulda həm özəlləşmə, daşınmaz əmlakın qeydiyyatı, həm də torpaqlardan istifadəyə dair müraciətlər və suallarla bağlı mövcud qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub. Araşdırılmasına ehtiyac olan müraciətlər isə qeydiyyata alınıb.

Açar sözlər:

Oxunub: 712