Sərnişinin həyatını xilas edən sürücü mükafatlandırılıb


23:41     29 Mart 2017 surusumukafat_1490800745.jpg

Sərnişinin həyatını xilas edən sürücüyə Bakı Nəqliyyat Agentliyi tərəfindən mükafat olaraq “Təşəkkürnamə” verilib.


Avtobusda qəflətən halı pişləşən sərnişinə ilk tibbi yardım göstərən sürücü Zakir Akif oğlu Həsənov ilə martın 29-da Bakı Nəqliyyat Agentliyində görüş təşkil edilib.

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib ki, “BakuBus” MMC-nin sürücüsü Zakir Həsənovun xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir. Bu gün ictimai nəqliyyatda xidmət göstərən sürücü nəqliyyat vasitəsini idarə etməklə yanaşı, sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün zəruri bilik və bacarıqlara da malik olmalıdır.

Baş direktor qeyd edib ki, sürücülərin bu istiqamətdə maarifləndirilməsi və praktik təlimlərə cəlb edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında qanunvericilikdən irəli gələn tələblər qoyub. Agentliyin Sürücü Təlim Mərkəzi istifadəyə verildikdən sonra bu sahədə nəzərdə tutulan tədbirlər daha təkmil formada həyata keçiriləcək.

Sonda sürücü Zakir Həsənova Bakı Nəqliyyat Agentliyinin baş direktoru adından təşəkkürnamə təqdim edilib. Sürücü ona göstərilən diqqətə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, tibbi yardıma ehtiyacı olan sərnişinə ilk yardım göstərməklə, üzərinə düşən vəzifəni və insanlıq borcunu yerinə yetirib.

Xatırladaq ki, martın 26-da “BakuBus”a məxsus 8 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinin halı qəflətən pisləşib. Bu zaman sürücü avtobusu saxlayaraq halı pisləşmiş sərnişinə yardım edib. Sürücü huşunu itirən sərnişini avtobusun salonundan kənara çıxararaq, avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə ona ilk tibbi yardımı göstərib. Bundan sonra sürücü sərnişini əraziyə çağırılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1149