Səlim Müslümov Haynts Kölerlə görüşüb


15:22     30 Mart 2017 selim%20musl.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq çərçivəsində keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Kölerlə görüşüb.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a veilən məlumata görə, nazir Səlim Müslümov dünya iqtisadiyyatı üçün çətin keçən 2016-cı ilin Azərbaycanda dərin iqtisadi islahatlar ili olduğuna diqqət çəkib: “Ölkədə iqtisadi sabitləşməyə imkan verən həmin islahatların uğurları artıq özünü göstərir, cari ilin yanvar-fevral aylarında respublikada 0,4% iqtisadi artım qeydə alınıb. Qeyri-neft sektorunun hesabına iqtisadi inkişafın təmin olunması yönündə növbəti irəliləyiş kimi, qeyd olunan dövrdə qeyri-neft sənayesində 5%, o cümlədən kənd təsərrüfatında 3%-dən çox artım özünü göstərib. Mühüm uğurlardan biri olaraq, görülən kompleks tədbirlər nəticəsində əmək bazarında sabitlik qorunub saxlanıb, işsizliyin artmasına yol verilməyib. Cari il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmayıb, əksinə 1,5%-dək artaraq 1510,4 min nəfərə çatıb. Həmçinin iqtisadiyyatın həm dövlət, həm də qeyri-dövlət sektorlarında işləyənlərin sayında artım özünü göstərib. İqtisadiyyatın şaxələndirilməsi, inşaat və ənənəvi kənd təsərrüfatı sektorlarının inkişaf etdirilməsi şəraitində əmək tutumlu sahələrin yaradılması, kiçik və orta sahibkarlığın genişlənməsinə yönələn investisiya fəallığı, regionların inkişafının hərtərəfli dəstəklənməsi tədbirləri cari ildə də respublikada xeyli sayda yeni iş yerinin yaradılmasını şərtləndirəcək”.

Nazir eyni zamanda ölkədə əməkhaqlarında artım dinamikasının cari ildə də davam etdiyini, təkcə bu ilin yanvar ayında muzdla çalışanların orta aylıq nominal əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1% artdığını diqqətə çatdırıb. Əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd edən S.Müslümov bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və daha səmərəli təşkili üçün şərait yaradıldığını vurğulayıb: ““Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsində, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsində, bu sahələrdə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsində mühüm rol oynayacaq”.

Ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan siyasətin inkişaf etdirilməsində BƏT-lə birgə aparılan işlərin əhəmiyyətini qeyd edən S.Müslümov Azərbaycanın bu təşkilatın təşəbbüs və layihələrinə həmişə fəal şəkildə qoşulduğunu diqqətə çatdırıb: “BƏT-in dəstəyi ilə artıq Azərbaycanda özünüməşğulluq proqramı üzrə beynəlxalq sertifikatlı təlimçilər qrupu formalaşıb ki, gələcəkdə digər ölkələrdə də oxşar proqramların icrası zamanı bu potensialdan istifadə oluna bilər”.


Nazir BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünün də ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib: “Bu təşəbbüsə uyğun olaraq, ölkəmizdə demoqrafik vəziyyət və miqrasiya proseslərinin, texnoloji inkişafın əmək bazarına təsiri, layiqli əməyin təmin olunmasında həmkarlar təşkilatlarının rolu və s. mövzularda milli dialoq formatında silsilə tədbirlər keçirilib. Həmin tədbirlərdə ölkəmizdə əməyin gələcəyi ilə bağlı aktual məsələlər, əmək bazarının gələcək inkişafı ilə bağlı qarşıda duran vəzifələr ətraflı müzakirə olunub”.

Azərbaycanın BƏT-lə əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu qeyd edən S.Müslümov ölkəmizin BƏT-in 2017-2020-ci illər üçün Rəhbər Orqanının (İLO Governing Body) üzvlüyünə namizədliyini irəli sürdüyünü, cari ilin iyun ayında keçiriləcək seçkilərdə bu namizədliyin dəstək qazanacağına əminliyini ifadə edib. Nazir hazırda BƏT-in Cenevrə şəhərində yerləşən katibliyində Azərbaycan vətəndaşlarının çalışmadığını və ölkəmizdə yüksək səviyyəli mütəxəssislərin olduğu nəzərə alınmaqla, gələcəkdə BƏT-də çalışan heyətin tərkibində Azərbaycandan olan əməkdaşın da işləməsinə imkan yaradılması məsələsini H.Kölerin diqqətinə çatdırıb.

S.Müslümov BƏT-lə əməkdaşlığın inkişafı müstəvisində qarşıdakı dövrdə də birgə layihələrin davam etdiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb: “Məlum olduğu kimi, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Ermənistanın işğalından azad edilib. Həmin kənddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Hesab edirəm ki, BƏT-lə əməkdaşlıq müstəvisində birgə həyata keçiriləcək layihələr sırasına Cocuq Mərcanlı kəndində məşğulluğun təmin olunması ilə bağlı layihənin daxil edilməsi də məqsədyönlü olardı”.

H.Köler Azərbaycanda əmək və məşğulluq sahələrində aparılan islahatların, əmək resurslarının məşğulluğunun təminatı sahəsində görülən tədbirlərin, aktiv əmək bazarı proqramlarının, eləcə də özünüməşğulluq proqramının icrası işlərinin BƏT tərəfindən rəğbətlə qarşılandığını bildirib. Azərbaycanda “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq çərçivəsində keçirilən tədbirlərin önəmini də qeyd edən H.Köler təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb. O, BƏT-in Rəhbər Orqanına Azərbaycanın üzvlüyə namizədliyinə keçiriləcək obyektiv seçkilər zamanı üzv ölkələr (xüsusən Şərqi Avropa və MDB ölkələrindən olan üzv dövlətlər) tərəfindən dəstək verilə biləcəyinə əminliyini bildirib. BƏT-də yaranan vakansiyalar üzrə təşkilatda işə qəbul olunmaq üçün Azərbaycandan olan mütəxəssislərin də ərizə ilə müraciət edə bilməsinin mümkünlüyünü qeyd edən H.Köler Cocuq Mərcanlı kəndində birgə layihənin həyata keçirilməsi ilə bağlı təklifin də müzakirə olunacağını vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 893