Çingiz Qurbanov haqqında film çəkilib


22:22     30 Mart 2017 cingiz%2045.jpg

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov haqqında film çəkilib.


Femida.az xəbər verir ki, “ARB Media Qrup” tərəfindən lentə alınan “Çin olan yuxu” adlı ekran işində Milli Qəhrəmanın qısa, amma şərəfli həyat yoluna nəzər salınıb.

Filmin çəkilişləri Ç.Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil aldığı Azərbaycan Texniki Universitetində və Tovuz rayonunda xidmət etdiyi hərbi hissədə aparılıb. Filmin ideya müəllifi və baş prodüseri Vəli Turan, quruluşçu rejissoru isə Dəyanət Rzayevdir.

Filmin aprel ayının 1-i saat 11:00-da Çingiz Qurbanovun məzunu olduğu Texniki Universitetdə təqdimatı keçiriləcək. Geniş tamaşaçı kütləsi isə filmi aprelin 3-ü saat 21:15-də “ARB TV”nin efirində izləyə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb.



Açar sözlər:

Oxunub: 1896