Klinikaların xarici həkim fırıldağı - Araşdırma


17:42     04 Aprel 2017 klinika.jpg


Azərbaycanda fəaliyyət göstərən əksər özəl klinikalarda xarici ölkələrdən dəvət edilən həkimlər fəaliyyət göstərir. Bəzən aylarla gələcək həkimin reklamı da edilir. Bu daha çox plastik cərrahiyə sahəsində geniş yayılıb.


Xarici ölkədən ölkəmizə dəvət edilən həkimlərin müsbət tərəfləri kimi əhali üçün mənfi tərəfləri də var. Birinci olaraq onların etdiyi əməliyyatların qiymət fərqi yerli həkimlərə nisbətdə yüksək olur. Bəzən hər hansı bir əməliyyatdan narazı qalan vətəndaş həmin xarici həkimi tapmaqda çətinlik çəkir. Klinikaya müraciət etdikdə isə “həmin həkim artıq ölkəsinə qayıdıb” cavabını alır. Vətəndaş isə çıxılmaz vəziyyətdə qalır. Üstəlik məsələnin vergi tərəfi də var.


Misal üçün məşhur aparıcı Ülvira Qarayeva plastik cərrah Hayati Akbaşın uğursuz əməliyyatlarından gileylənib. O, cərrahın əməliyyatları çox baha etdiyini, xəstəni nəzarətdə saxladığını və fəsadlara görə cavabdehliyi boynundan atdığını iddia edib. Göründüyü kimi xaricdən dəvət olunan həkimlər heç də hər zaman üstün tərəfdən özlərini göstərmir.






Bəs, xarici ölkələrdən Azərbaycana dəvət edilən həkimlərin fəaliyyəti hansı qanunla tənzimlənir?


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında” 7 noyabr 2001-ci il tarixli qərarında qeyd olunan məsələlər öz əksini tapıb. Qərara əsasən, xarici ölkələrdən dəvət edilən həkimlər yalnız Səhiyyə Nazirliyinin 28 avqust 2007-ci il tarixli 80 saylı əmri ilə yaradılmış komissiya tərəfindən verilən şəhadətnamə əsasında Azərbaycanda fəaliyyət göstərə bilər.







Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramova Femida.az -a açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda həkim kimi fəaliyyət göstərəcək şəxslər mütləq şəkildə Səhiyyə Nazirliyindən şəhadətnamə almalıdır. Əgər, hər hansı klinikada bu şəhadətnaməsiz fəaliyyət göstərən həkim varsa, deməli o qanunsuzdur.


Bəs, nazirlik tərəfindən qanunsuz fəaliyyət göstərən həkim faktı qeydə alınıbmı?

Nazirlik sözçüsü belə bir faktın qeydə alınmadığını bildirib.




Əcnəbi həkimlər Azərbaycanda fəaliyyət göstərmək üçün hansı mərhələlərdən keçməlidir?

Mövzu ilə bağlı Femida.az -a açıqlama verən hüquqşünas Nicat Gözəlov bildirib ki, burada iki hal müşahidə olunur.


Xaricdən gələn əcnəbi həkim ya uzun müddətə, yaxud da qısa müddətlik klinikalarda işləyə bilər. Bunun üçün də müəyyən mərhələdən keçmək lazımdır.





“ Əcnəbi həkim Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq komissiyasından keçməlidir. Əcnəbi həkim həm uzun, həm də qısa müddətlik iş üçün mürciət edə bilər. Əgər əcnəbi həkim uzun müddət Azərbaycanda işləmək istəyirsə, bunun üçün Səhiyyə Nazirliyinə ixtisas diploma ilə yanaşı, həkimliyini təsdiq edən disgər sənədləri təqdim etməlidir. Səhiyyə nazirliyi də öz növbəsində həmin diplomun təsdiqi üçün Təhsil Nazirliyinə rəsmi müraciət edir. Təhsil Nazirliyi iş üçün müraciət edən əcnəbi həkimin diplomunu təsdiq etdikdən sonra o Azərbaycanda uzun müddətlik işə qəbul oluna bilər.

Bu gün daha çox qısa müddətlik iş üçün Azərbaycana gələn həkimlərin sayı daha çoxdur. Onların da fəaliyyəti üçün mütləq Səhiyyə Nazirliyinin müvafiq komissiyası rəy verməlidir. Əks halda bu qanunsuz fəaliyət sayılır. Misal üçün ölkəyə turist kimi gələn həkim burada kimisə əməliyyat edib, gedə bilməz. Çünki qanunda da qeyd olunur ki, ölkəyə gələn xarici vətəndaşlar gəlmə səbəblərini düzgün qeyd etməlidirlər.”


Bəs, pasiyentlər onları əməliyyat, yaxud müayinə edəcək əcnəbi həkim haqqında məlumat almaq hüquqna malikdirmi?


Hüquqşünas Nicat Gözəlov qeyd edir ki, həkim haqqında, onun təhsili, əməliyyatları barədə pasiyentin məlumat almaq hüququ var. Bu isə klinika tərəfdən mütləq şəkildə təmin edilməlidir.

Əcnəbi həkimin etdiyi uğursuz əməliyyata görə məsuliyyəti kim daşıyır?

Hüquqşünas Nicat Gözəlov qeyd edir ki, əgər həmin klinika Səhiyyə Nazirliyinin müvafiq komissiyasının verdiyi şəhadətnaməsiz həkimi dəvət edibsə, sonda məsuliyyət klinikanın üzərində qalır.


Özəl knilnikaların hansında əcnəbi həkimlər fəaliyyət göstərir. Femida.az bununla bağlı kiçik araşdırma aparıb.


Misal üçün “MedEra Hospital” əcnəbi həkimlərin fəaliyyət göstərdiyi klinikalar sırasındadır. Bu klinikada daha çox Türkiyə, İran və Rusiyadan gələn həkimlər fəaliyyət göstərir.
Paytaxda fəaliyyət göstərən özəl klinikalardan olan “Oksigen”, “Nəbz”, “Vital”, “Loğman””Tusi” “Kupro” klinikalarında əcnəbi həkimlər fəaliyyət göstərmir.

“Celamic göz klinikası” xarici həkimlərin dəvət aldığı tibb müəssisələrindəndir. Burada əsasən Türkiyədən və Gürcüstandan gələn həkimlər göz əməliyyatı üçün dəvət olunur.
Qeyd olunan özəl klinikaların bir neçəsi ilə əlaqə saxlayıb, əcnəbi həkimlərin hansı qayda ilə ölkəyə gətirildiyini soruşsaq da, bu haqda məlumat verməkdən imtina etdilər.




Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 7288


Oxşar xəbərlər