Generalın qətiyyəti... 1967-ci il, Xankəndi şəhəri...


21:53     10 May 2017 17499091_1842369036013010_847792342973113267_n6.jpg

1967-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni millətçilərinin torpaq iddialı məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verirdi. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atırdılar.Yay aylarında baş verən olaylar pik nöqtəsinə çatmışdı, nəzarət itirilmiş, hadisələr öz axarından çıxmışdı.


Əslində 80-ci illərin sonunda Xankəndində cərəyan edən hadisələr 1967-ci ildə baş verməli idi. Ancaq o zaman Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyevin çevikliyi, baş verən hadisələri düzgün qiymətləndirməyi və erməni millətçilərinin planlarını alt-üst etməyi hadisələrin qarşısını aldı. Heydər Əliyev sözün əsl mənasında erməni daşnakları üçün keçilməz maneəyə çevrildi.

1967-ci ilin iyul ayında Dağlıq Qarabağda, Xankəndində nə baş verirdi? Məhz, həmin il erməni millətçiləri növbəti dəfə, artıq açıq müstəvidə öz işğalçılıq siyasətlərini həyata keçirməliydilər. Belə ki, “Böyük Ermənistan” planının ilk mərhələsi Dağlıq Qarabağı, xüsusilə də Xankəndini azərbaycanlılardan təmizləmək idi.

Həmin ərəfədə ermənilərin özləri tərəfindən bir neçə ermənini qətlə yetirməsi bölgədə milli ədavətin qızışdırılmasına xidmət edirdi. Əvvəlcədən planlaşdırıldığına görə bu cinayət hadisələrinin üstü açılmırdı. Əgər həmin ərəfədə ətraf rayonlarda bir erməni qətlə yetirilirdisə və qəsdən bu cinayətin üstü açılmırdısa, təbii ki, hadisələrdən xəbərsiz olan ermənilər tərəfindən qatilin birmənalı şəkildə azərbaycanlı olması düşünülürdü və belə qəbul olunurdu. Son nəticədə ermənilər də baş verən hadisələrə cavab olaraq Xankəndində yaşayan azərbaycanlılara mənəvi və fiziki təzyiqi artırırdılar.

1967-ci ildə daha çox səs-küyə səbəb olan və Xankəndində gərginliyi son haddə çatdıran hadisə isə Xocavənd rayonunda baş verir. Rayonun Qaradağlı kəndində azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta məktəbdə bir erməni uşağı yoxa çıxır. Səhərisi gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs edirlər. Vilayət prokurorluğu işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə isə işə Xankəndində baxılması üşün qərar verir. Azərbaycan SSR Ali Məhkəməsinin üzvlərindən birinin sədarəti altında məhkəmə prosesi başlanır.


Həmin ərəfədə baş verən hadisələrin canlı şahidi olan azərbaycanlılardan biri, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində işləmiş Əfrail Hüseynovun xatirələrində qan qoxulu həmin günlərdə vəziyyətin nə qədər gərgin olduğu açıqca hiss olunur:

“Qarabağın bütün erməni icması işini-gücünü buraxıb məhkəmə salonlarına doluşur, küçələrdə səsgücləndiricilərlə məhkəmənin gedişini izləyirdilər. İrəvandan və Ermənistanın digər rayonlarından da avtobuslarla Stepanakertə çoxlu ermənilər gətirilmişdi. Onlar həyasızcasına araqızışdırmaqla, təxribatla məşğul olurdular. Axır ki, məhkəmə prosesi başa çatdı. Hökmün verilmə vaxtı yetişdi. Lakin ermənilər işlərini elə qurdular ki, hökmün oxunacağı zaman Bakıda mühüm bir müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə ki, hökmün oxunmasından bir gün qabaq vilayətin bütün məsul işçiləri Bakıya müşavirəyə çağrıldılar. Stepanakertdə yerli rəhbərlərdən yalnız DTK-nın şöbə rəisi Markarov qalmışdı. Belə bir gərgin vaxtda erməni qaraguruhunun təzyiqi altında məhkəmə Ərşad Məmmədova ölüm hökmü oxumağa məcbur qaldı. Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik maşınlarına minib şəhəri tərk etdilər.
Ərşad Məmmədovu və digər iki azərbaycanlını dustaqlar üçün nəzərdə tutulmuş xüsusi maşına mindirdilər. Minlərlə erməni vəhşisinin “Ərşada ölüm!” çığırtıları altında əvvəl onları yerli həbsxanaya aparmaq istəsələr də, sonra fikirlərini dəyişib şəhərin yuxarı hissəsində yerləşdirilmiş, indi adı bütün azərbaycanlılara yaxşı tanış olan 366-cı alayın düşərgəsinə gətirdilər. Azğınlaşmış ermənilər maşının qabağını düşərgənin darvazasının qarşısında kəsdilər. Hərbçilərin gözü önündə ermənilər dustaq maşınını "Kalaşnikov", "Makarov" tipli odlu silahlardan atəşə tutdular, sonra dəmir linglə maşının qapısını sındıraraq yaralarından yağış kimi qan süzən dustaqları yerə düşürtdülər. Onları vəhşicəsinə öldürdülər. Bu azmış kimi Ərşad Məmmədovu yaxınlıqda yaşayan qoca erməni Aleksanın həyətinə sürüdülər. Cəsədin qollarını çarmıxa açdılar, ayaqlarını şaquli vəziyyətə gətirdilər. Tonqal qurdular, qoca erməni benzin gətirdi. Üstünə Ərşad Məmmədovun cəsədi sərilmiş tonqala od vurub yandırdılar. Bütün bu qeyri-adi vəhşi mərasim bir xeyli çəkdi. O vaxt Bakıdan, mərkəzi idarədən Xankəndinə ezamiyyətə gəlmiş milliyətcə rus olan Banserev də bu hadisələrin şahidi idi. O cümlədən Markarov da baş verən olayların seyrçisi idi”.

Göründüyü kimi, Xankəndində vəhşiləşmiş ermənilərin azğınlıqları son həddə çatır. Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən sonra (məhz, hadisələrdən sonra) Markarov baş verənlər haqqında Bakıya məlumat verir. Qısa bir müddət ərzində Şuşa və Xankəndi ağır texnikalar və canlı qüvvələrlə mühasirəyə alınır. Gediş-gəlişin qarşısı alınır. Hadisə yerinə başqa yaşayış məntəqələrindən gəlmək istəyənlər buraxılmır. Sonralar o da məlum olur ki, mühasirə məsələsi də ermənilərin əvvəlcədən düşünülmüş planı olub. Təbii ki, hadisələrdən xəbər tutan Ağdam camaatı erməniləri cavabsız qoymayacaqdı, qisas almaq üşün Xankəndinə üz tutacaqdılar. Ermənilər bunu nəzərə almışdılar.

Yaranmış gərgin vəziyyətin ciddiliyi nəzərə alınaraq səhərisi gün MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd İsgəndərov Dağlıq Qarabağa gəlirlər. Şuşada fövqəladə qərərgah yaradılır. Bundan əlavə Moskvadan və Bakıdan xüsusi istintaq qrupları da hadisə ilə bağlı işə başlayırlar. Həmin ərəfədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev də Xankəndinə gəlir. Dağlıq Qarabağa ezam olunanların əksəriyyəti Şuşada otursalar da Heydər Əliyev real təhlükələrə baxmayaraq, Xankəndində, DTK-nın şöbəsində əyləşir. Onun üzərinə olduqca mürəkkəb və çətin bir iş düşür. Erməni millətçilərinin böyük hiyləgərliklə qurduqları oyunları, cinayət əməllərini ifşa etmək, günahsız azərbaycanlıların qatillərinin layiqincə cəzalandırılmasına nail olmaq, ən başlıcası isə Xankəndində azğınlaşmış ermənilərin qarşısında azərbaycanlıların şərəfini qorumaq. Təcrübəli çekist, DTK kimi çətin bir orqanda tutduğu vəzifələrdən asılı olmayaraq hər zaman millətinin, xalqının tərəqqisinə xidmət edən Heydər Əliyev Xankəndində baş vermiş cinayət hadisəsi ilə yaradılmış əməliyyat qrupuna rəhbərlik edərkən yaxşı bilirdi ki, söhbət adi bir cinayətin açılmasından deyil, xalqının, azərbaycanlıların şərəfindən gedir. Heydər Əliyev onu da yaxşı bilirdi ki, türk qanına susamış millətçi cinayətkarlar layiqli cəzalarını almazlarsa, qətl hadisələrini törədənlər və onların havadarları məsuliyyətə cəlb olunmazsa hadisələr daha ağır nəticələrə səbəb olacaq. Təbii ki, Heydər Əliyev onu da bilirdi ki, Xankəndində baş verən hadisələr Dağlıq Qarabağın Ermənistana birləşdirmək planının başlanğıc həlqəsi idi.

DTK zabiti Əfrail Hüseynovun xatirələrində Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinin, bütün varlığı ilə millətinə, xalqına bağlılığının bir daha şahidi oluruq:

“Respublika DTK-nın Bakıdan gəlmiş xüsusi əməliyyat qrupunda yeganə azərbaycanlı, qrupun rəhbəri Heydər Əliyev idi. Qrupun işə başladığı günün ertəsi səhər saat 7 radələrində general-mayor Heydər Əliyev əməliyyat müşavirəsi keçirdi. Müşavirədə bütün ətraf rayonların DTK zabitləri iştirak edirdilər. Qrup rəhbərinin lakonik, məntiqli və təmkinli çıxışını çətinliklə sezilən bir narahatlıq müşayiət edirdi. Bu narahatlığı o anda yalnız azərbaycanlı duya bilərdi.

Mən onu gözəl başa düşürdüm. 1967-ci il... Milli münaqişə zəminində qətl hadisəsi... DTK-nın sədri kimi ciddi və məsul bir vəzifə... Damarlarında axan türk qanı... Amma Heydər Əliyevin həmin günlərdə özünü necə təmkinli aparması, erməni və rus zabitləri ilə apardığı ciddi və dərin müzakirələr inanın ki, canlı bir həyat məktəbi idi. Əməliyyatçılara müvafiq tapşırıqlar verən qrup rəhbəri bunların dərhal icra olunması üçün tədbirlər görülməsini əmr etdi. Növbəti əməliyyat müşavirəsinin vaxtı dəqiqləşdirildi və qrup üzvlərindən ayrılarkən Heydər Əliyev nəzərlərini bir anlıq mənim üzərimdə saxladı. Bu ani baxış mənə çox mətləbləri anlatdı. Anladım ki, son dərəcə ehtiyatlı, diqqətli olmalı, sayıqlığı əldən verməməli, hər addımımı yüz ölçüb bir biçməliyəm.

Qrup rəhbərinin tapşırığı ilə aparılan araşdırmalar ona arayış şəklində növbəti müşavirədə təqdim edilməli idi. Gün ərzində kabinetimdə oturub qətl hadisəsinin təfsilatı, o cümlədən digər hallarla bağlı məndə olan əməliyyat məlumatlarının arayışını hazırlayırdım. İş yükünün ağırlığına və vaxtın məhdudluğuna görə general mənə ikinci müşavirədə iştirak etməməyə icazə verdi.

Müşavirə işə başlamışdı. Təxminən bir saatdan sonra iş otağımın qapısı açıldı. Heydər Əliyev içəri daxil oldu. Cəld ayağa qalxdım. İşarə etdi ki, əyləşim. Görünür rəsmiyyət məqamı deyilmiş. General fikirli və çox qayğılı görünürdü. Vəziyyəti başa düşdüm. Yırtıcı canavarların, vəhşi qatillərin və onların havadarlarının arasında tək qalmışdıq. Mən onda Heydər Əliyevə DTK-nın sədri, hörmətli generalımız kimi yox, namuslu bir azərbaycanlı, əsl vətəndaş, günahsız insanların qanının yerdə qalması ilə barışmaq istəməyən bir insan kimi ümid bəsləyirdim...”.

Həmin ağır günlərdə bütün azərbaycanlılar ədalətin bərqərar olması üçün Heydər Əliyevə ümid bəsləyirdilər. Heydər Əliyev isə bu ümidləri doğruldur. Onun peşəkarlığı, gərgin əməyi nəticəsində qısa müddət ərzində Xankəndi olaylarının səbəbləri açılır, cinayəti törədənlər, təşkil edənlər layiqli cəzalarını alır, 39 nəfər erməni canisi həbs edilir. Sübuta yetirilir ki, milli ədavəti yaratmaq üçün erməni məktəblisini vəhşicəsinə qətlə yetirən də Edik Baqdasaryan olub. Daha sonra o da məlum olur ki, Xankəndi olaylarının arxasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi durur.

Bu bir həqiqətdir ki, o zaman general Heydər Əliyev DTK sədri kimi Xankəndinə getməsəydi, o qanlı cinayətin üstü ört-basdır ediləcəkdi. Məhz, Heydər Əliyevin qətiyyəti sayəsində erməni millətçilərinin çirkin əməlləri ali-üst oldu. Ermənilər özləri də bir məsələni yaxşı dərk edirlər ki, nə qədər Heydər Əliyev var, onların planlarının hayata keçməsi mümkün olmayacaq. Tarix də bunu sübut etdi ki, Ermənistan Qarabağa qarşı təcavüz planlarını Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdıqdan sonra həyata kecirməyə başladılar.

İlham Cəmiloğlu

Açar sözlər:

Oxunub: 4850