Beynəlxalq Bank vətəndaşı pulsuz qoydu


17:17     25 May 2017 beynelxalq5.jpg

Bakı şəhər sakini Vəliyeva Gülarə Valeh qızı tərəfindən Femida.az-a müraciət daxil olub. Vətəndaş müraciətində Beylənxalq Bank tərəfindən maaş kartından 95 faizdən çox hissənin tutulduğunu bildirib.


“2015-ci ilin yanvarında bankdan kredit götürmüşəm. Aylıq ödənişim 191 manatdır.Bu günə kimi krediti vaxtında ödəmişəm. Bundan əlavə başqa bir şəxs də həmin bankdan kredit götürüb. Mən də ona zamin oldum. O, fevral ayından sonra krediti ödəmədiyi üçün bank mənə heç bir xəbərdarlıq etmədən maaş kartımdan məbləği çıxıb. Hazırda pulsuz qalmışam. Əmək haqqının tamamilə kartdan götürülməsi nə dərəcədə doğrudur? Mənim himayəmdə bir qız övladı və yaşlı anam var.”

Femida.az məsələnin hüquqi tərəfini də araşdırıb. Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Məhərrəməli Həmidov bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.





“Maddənin 6-cı maddəsinə əsasən işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz.”

Hüquqşünas həmçinin əmək haqqının neçə faizinin tutula bilər sualına da aydınlıq gətirib.

“Bu Məcəllənin 176-cı maddəsinin 1-ci bəndinə görə hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

Həmin maddənin 2-ci bəndinə əsasən əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.”

İcra haqqında Azrbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir:
Həmin Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.
Həmin maddənin 65.2-ci maddəsinə görə tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.
Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.
Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli saytımıza açıqlamasında məsələnin araşdırıldığını bildirib.


Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 7957