Moskvada Azərbaycanla bağlı tədbir keçirildi


01:58     28 May 2017 14958880682967511427_1000x669.jpg

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə Moskvada təntənəli qəbul təşkil edib.


Tədbirin əvvəlində Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirə toplaşanları ölkəmizin əlamətdar dövlət bayramı münasibətilə təbrik edərək bildirib ki, müsəlman Şərqində ilk demokratik dövlət 99 il bundan əvvəl Azərbaycanda yaranıb. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan edən Bəyannamə mahiyyət etibarilə müasir demokratik cəmiyyət prinsiplərinin əsasını qoyub. Səfir deyib: “1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul etməklə xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini bərpa edib. Bir ildən sonra biz bütün müsəlman Şərqinin siyasi tarixində yeni dövr açmış bu tarixi hadisənin 100 illiyini təntənəli şəkildə qeyd edəcəyik. Azərbaycan Xalq Cümhuriyyəti Avropa demokratik dəyərlərini, Şərq mədəniyyətinin xüsusiyyətlərini və Azərbaycanın milli-mənəvi ideallarını üzvi şəkildə özündə cəmləşdirən yeni dövlət və cəmiyyət nümunəsi oldu. Bu triada Azərbaycan Respublikasının dövlət bayrağında öz əksini tapdı”.

Səfirin sözlərinə görə, bütün vətəndaşlara, onların etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verilməsi, Şərqdə ilk dəfə, Avropa ölkələrinin çoxundan daha əvvəl qadınların seçki hüquqlarının tanınması, Bakı Dövlət Universitetinin təsis edilməsi və bir sıra başqa tədbirlər Azərbaycanda ilk demokratik cümhuriyyətin miqyasını, mahiyyətini və tarixi əhəmiyyətini əyani şəkildə təsdiqləyir. 1918-1920-ci illərin 23 ayı Azərbaycan xalqının şüurunda çox dərin iz qoyub. Ziyalıların qabaqcıl nümayəndələri, demokratik respublikanın əsasını qoyanlar tərəfindən həyata keçirilməyə başlanmış ideyalar bugünkü müstəqil Azərbaycanda uğurla reallaşıb.

Diplomat deyib: “Ölkəmiz mürəkkəb şəraitdə öz suverenliyini və həqiqi müstəqilliyini qoruyub saxlaya bildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı öz ətrafında birləşdirərək Azərbaycanı mürəkkəb sınaqlardan uğurla keçirdi. Onun zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyəti sayəsində biz o çətin dövrü geridə qoyaraq davamlı inkişaf yoluna çıxa bildik. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yolla irəliləyən Azərbaycan dünya siyasətinin mühüm amilinə çevrilməkdədir. Bu, ilk növbədə daxili siyasi sabitlik, iqtisadi inkişaf, çoxvektorlu xarici siyasətin formalaşması kimi obyektiv amillərlə şərtlənir. Azərbaycan xarici ölkələrlə əməkdaşlıq qurur. Qonşu ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sərfəli əlaqələrin hərtərəfli inkişafı xüsusi prioritet təşkil edir. Ölkəmiz özünün coğrafi mövqeyi və iqtisadi potensialı sayəsində “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərində mühüm əlaqələndirici rol oynayır. Rusiya Federasiyasının iştirakı ilə bu istiqamətdə ikitərəfli əməkdaşlığın perspektivli formatları dinamik inkişaf edir. Mehriban qonşuluq və dostcasına əməkdaşlıq ənənələrinə sadiq olan Azərbaycanın hədəfi Qafqaz-Xəzər regionunun daha da inkişaf etməsinə, bu regionda sülhün və sabitliyin təmin olunmasına sanballı töhfə verməkdir”.

P.Bülbüloğlunun fikrincə, əməkdaşlıq potensialının tam üzə çıxması üçün ona əngəl törədən amilləri aradan qaldırmaq lazımdır. “Ölkəmizin ərazisinin işğal edilməsi, Azərbaycanın zəbt olunmuş torpaqlarından Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsi regionda sabitliyi pozan və sülhə təhdid yaradan əsas amildir. Tərəflərin təmas xəttində daim müşahidə olunan silahlı insidentlər, atəşkəs rejiminin pozulması gərginliyin əsas səbəbini – Azərbaycan ərazisinin bir hissəsinin işğal edilməsi faktını tezliklə aradan qaldırmaq zərurətini daha da aktuallaşdırır. İnsanların, nəinki mülki əhalinin, hətta hərbi qulluqçuların da həlak olmasını heç kəs istəmir. Lakin faşizm üzərində böyük Qələbənin - 72-ci ildönümünü bu yaxınlarda qeyd etdiyimiz tarixi hadisənin təcrübəsi göstərir ki, sülhə yalnız müharibəni doğuran səbəblər aradan qaldırıldıqdan sonra nail olmaq mümkündür, - deyə səfir vurğulayıb. - Azərbaycan bu problemi istənilən yolla həll etmək hüququnu özündə saxlasa da, əvvəlki kimi, münaqişənin sülh yolu ilə, danışıqlar yolu ilə tənzimlənməsinə tərəfdardır. Buna görə də biz ümid edirik ki, dünya birliyinin bütün məsuliyyətli üzvləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyin zəruriliyi barədə prinsipial mövqe tutacaqlar. Şübhəsiz, bu məsələdə Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, ATƏT-in Minsk qrupunun həmsədri və istər coğrafi, istərsə də tarixi baxımdan Cənubi Qafqazla və bizim xalqlarımızla sıx bağlı olan bir ölkə kimi xüsusi rol oynayır”.

Azərbaycan xalqının təməl dəyəri kəsb edən xüsusiyyətlərə həmişə qayğı ilə yanaşdığını vurğulayan səfir deyib: “Tarixi baxımdan şərtlənmiş belə xüsusiyyətlərdən biri də Rusiya ilə sıx əlaqələrdir. Müxtəlif dövrlərdə yüz minlərlə azərbaycanlı Rusiyada məskən salıb. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaranıb. Ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan bu canlı körpülərin, insani əlaqələrin əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Buna görə də biz bütün diaspor birlikləri tərəfindən onların fəaliyyət göstərdikləri dövlətlərin qanunlarını yerinə yetirməyin zəruri olduğunu qeyd-şərtsiz etiraf etməklə bərabər, bu sahədə cərəyan edən proseslərə çox həssas münasibət bəsləyirik. Yəqin ki, bu, başa düşüləndir. Axı burada yaranan problemlər mənfi informasiya fonu formalaşdırır və qarşılıqlı faydalı münasibətlərin inkişafına kölgə salır. Ölkələrimizin və xalqlarımızın mənafeləri, onların gələcək inkişafı və regionda sabitliyi qoruyub saxlamaq qayğısı quruculuq və əməkdaşlıq yolunu davam etdirməyimizi tələb edir”.

“Azərbaycan azadlıq, sülh, dözümlülük, quruculuq ideallarına daim sadiq olduğunu tarix boyu, o cümlədən XX və XXI əsrlərdə nümayiş etdirib”, - deyən P.Bülbüloğlu sonda vurğulayıb: “Birinci respublika dövründə də belə olub, bu gün də belədir. Dünən Rusiya və Azərbaycan mətbuatında Rusiya Federasiyasının Prezidenti, çox hörmətli V.Putinin təbriki dərc edilib. Rusiya lideri həmin təbrikində əmin olduğunu bildirib ki, Azərbaycan və Rusiyanın birgə səyləri ilə tərəfdaşlıq əlaqələrimizin bütün kompleksi bundan sonra da inkişaf edəcək. Vladimir Vladimiroviçin sözlərinə görə, “bu əlaqələr ölkələrimizin dost xalqlarının köklü mənafelərinə cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında inkişaf edir”. Biz həmişə qonşularımızla əməkdaşlıq əzmindəyik və inanırıq ki, hər il qeyd edilən Respublika Günü Azərbaycanın bizim münasibətlərin inkişafına, regional və qlobal səviyyələrdə sülhün və tərəqqinin təmin olunmasına xidmət edən zəngin potensialını daha tam şəkildə üzə çıxaracaq. Respublika Gününüz mübarək!”.

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək, “dost Azərbaycana uğurlar və tərəqqi” arzulayıb. Diplomat deyib: “Rusiya və Azərbaycanı hüquq bərabərliyi və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq ənənələrinə, ortaq tarix və mədəniyyətə, milyonlarla insan talelərinin qaynayıb-qarışmasına əsaslanan strateji tərəfdaşlıq telləri bağlayır. Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyini qeyd edirik. Bu yubileyə sanballı baqajla və gələcək üçün mühüm planlarla gedirik”.

Q.Karasin vurğulayıb: “Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin miqyası və keyfiyyəti ilbəil artır. Ticari-iqtisadi investisiya əməkdaşlığımızın inkişafı bütövlükdə heç də pis getmir. Əminik ki, son iki ildə əlverişsiz beynəlxalq konyunkturun təsiri altında əmtəə dövriyyəsinin bir qədər azalması müvəqqəti haldır. Xüsusən ona görə ki, bu dövriyyənin fiziki həcmində, demək olar ki, itirməmişik. Regionlararası mexanizmlərdən, dövlət sektoru ilə özəl sektorun tərəfdaşlığı potensialından maksimum fəal istifadə etməyə, habelə İqtisadi Əməkdaşlıq üzrə İkitərəfli Hökumətlərarası Komissiyanın XVI iclasının qərarlarının reallaşdırılmasının müsbət effektinə ümid bəsləyirik. Ölkələrimizin uğurla təşkil olunan biznes birlikləri də öz sözünü deməlidir. Regionlararası kooperasiya əlaqələri xeyli möhkəmlənib. Bu gün Rusiyanın 17 subyekti Azərbaycanla ticari-iqtisadi və elmi-texniki, mədəni əməkdaşlıq haqqında işlək sazişlər bağlayıb. Bu halda Rusiyanın 70 regionundakı müəssisə və şirkətlər Azərbaycan istiqamətində ixrac-idxal əməliyyatları həyata keçirirlər”.

Sentyabr ayında Stavropolda keçiriləcək VIII Rusiya-Azərbaycan Regionlararası Forumu və Hökumətlərarası Komissiyanın XVII iclası gələcək planların müzakirəsi, hər şeydən əvvəl ticari-iqtisadi sahədə vacib meydançalar olacaq. Bu haqda danışan Q.Karasin deyib: “Bizə irs qalmış ümumi dil, təhsil və mədəni məkanının möhkəmləndirilməsinə diqqət yetirməklə humanitar sahədə qarşılıqlı əlaqələrimiz dəyişməz prioritetlər olaraq qalır. Hazırda Rusiyada təxminən 15 min Azərbaycan vətəndaşı təhsil alır. Bakıda Rusiyanın aparıcı ali məktəblərinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Beləliklə, Rusiya Azərbaycan elitasının gələcək nəsillərinin hazırlığına öz töhfəsini verir”.

“Xüsusi mövzu – Azərbaycanda A.Puşkin dilinə ənənəvi həssas münasibətdir. Bakıda da, Lənkəranda da, Gəncədə də - praktiki olaraq hər yerdə bu dildə sərbəst danışılır. Rus dilində təhsilin aparıldığı 300-dən çox məktəb fəaliyyət göstərir. Başlıcası isə bu, heç bizim ikitərəfli münasibətlərimizə aid məsələ deyil. Başa düşdüyümüz kimi, bu, dostlarımızın və qonşularımızın strateji və tam praqmatik seçimidir. Vaxtilə bu kursu müəyyənləşdirən, rus dilinin Azərbaycanda həmişə yaşayacağını deyən Heydər Əliyevin vəsiyyətinə əməl edilməsidir”, - deyə Rusiya xarici işlər nazirinin müavini qeyd edib.

“Bizim birgə layihəmiz – Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən Bakı Humanitar Forumu dünyada böyük nüfuz qazanıb. Bizim bugünkü ikitərəfli münasibətlərimiz möhkəm zəmin üzərində qurulub. Bu münasibətlər eyni dərəcədə qarşılıqlı inam və qarşılıqlı mənafeyə söykənib. İlk növbədə daim əlaqə saxlayan dövlət başçılarımız – liderlər Vladimir Putin və İlham Əliyev arasında, regionlar arasında və idarələr arasında isti, qeyri-formal, etimada əsaslanan münasibətlər qurulub. Dövlətlərimizin başçıları keçən il iki dəfə - Sankt-Peterburqda və Bakıda görüşüblər. Baş nazir Dmitri Medvedev də Azərbaycana gedib. Xarici işlər nazirlərinin müntəzəm görüşləri xoş ənənəyə çevrilib. Bu ilin təkcə ilk beş ayında Sergey Lavrov və Elmar Məmmədyarov, ölkələrimiz arasında diplomatik münasibətlərin 25 illik yubileyi ilə əlaqədar Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin Moskvaya səfəri də daxil olmaqla üç dəfə görüşüblər. Parlament xətti üzrə əməkdaşlığı da müsbət dinamika səciyyələndirir. Bizim əsl tərəfdaşlıq dialoqumuz təkcə ikitərəfli əsasda deyil, həm də ən müxtəlif çoxtərəfli platformalarda – MDB, ŞƏT, BMT, ATƏT və ya Xəzər beşliyi çərçivəsində də inkişaf edir”, - deyə Q.Karasin qeyd edib.

Rusiyalı diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib: “Əlbəttə, bizim ümumi ağrımız, ümumi qayğımız – Dağlıq Qarabağ münaqişəsidir. Bu, kəskinləşmiş və həlli müşkül problemdir. Onu yalnız siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır, buna alternativ yoxdur. Tənzimlənməyə fəal kömək göstərmək Rusiyanın xarici siyasət prioritetləri sırasındadır. Bildiyiniz kimi, biz ATƏT-in Minsk qrupu üçlüyündə ABŞ və Fransa ilə birlikdə işləyirik. Üç həmsədr ölkələrin prezidentləri bu yaxınlarda mövqelərini aydın ifadə ediblər: tərəflərə maksimum kömək göstərmək lazımdır, lakin münaqişəni həll etmək məsuliyyəti onların öz öhdəsində qalır”.

Q.Karasin qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da dərinləşməsi hər iki ölkənin vətəndaşlarının maraqlarına uyğundur: “Biz Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə nikbin baxırıq. Əminəm ki, bu münasibətlərin gələcəkdə dərinləşməsi ölkələrimizin vətəndaşlarının köklü maraqlarına cavab verir və regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə kömək edəcək. Rusiyada hər bir cənub qonşusunu çiçəklənən, geniş əməkdaşlığa açıq görmək istəyirlər. Biz dost Azərbaycanın rifahı və çiçəklənməsi, Rusiya və Azərbaycan xalqları arasında möhkəm dostluq naminə çıxış edirik”.

Tədbirdə Azərbaycanın Rusiyadakı diasporunun tanınmış nümayəndələrinə yüksək mükafatlar təqdim edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda və onun hüdudlarından kənarda iqtisadiyyatın, elmin, təhsilin və mədəniyyətin inkişafında xidmətlərinə görə Əlizaman Rəhimov “Vətənə xidmətə görə” ordeninin 3-cü dərəcəsi, İsmayıl Ağakişiyev, Afil Hüseynov, Çingiz İsayev, Qasım Kərimov, Rəfail Quliyev, Elxan Qurbanov “Tərəqqi” medalı ilə təltif olunublar.

Açar sözlər:

Oxunub: 1077