Nikahdankənar körpə - Alimenti necə almaq olar?


14:40     19 Yanvar 2017 2551_1086.jpg

Femida.az vətəndaşlara hüquqi yardım və maarifləndirmə mövzusu ətrafında işini davam etdirir. Bu dəfəki mövzumuz alimentlə bağlıdır.

Nikahdankənar doğulan uşağa alimenti necə almaq olar?


Mövzu ilə bağlı suallara hüquqşünas Vüsal Kazımzadə aydınlıq gətirib. O bildirib ki, uşağa aliment alınması yalnız atalıq faktının müəyyən olunması ilə mümkündür.

“Uşağa aliment alınması üçün ilk növbədə onun atasının kimliyi qanuna uyğun müəyyənləşməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

Ailə qanunvericiliyinin mənasına görə, qanunla istənilən sübütun mötəbərliyini qiymətləndirmək hüququ atalığın müəyyən olunması haqqında işə baxan məhkəməyə məxsusdur. Sübutlar isə atalığın müəyyən olunması haqqında ərizədə göstərilən, ərizəyə əlavə olunan yazılı və maddi sübutlar kimi təqdim edilən məlumatlardır; şahid ifadələri, ekspertlərin rəyi, tibbi arayışlar və digər iş üzrə əhəmiyyətli olan sənədlər ola bilər. Məhkəmə uşağın konkret şəxsdən mənşəyini sübüt edə biləcək bütün faktları nəzərdən keçirməli, zəruri hallarda tibbi-məhkəmə ekspertizasının keçirilməsini təmin etməlidir.

Atalığın nikah olmadan doğulmuş uşağa aliment tutulması üçün (əgər atalıq faktı könüllü müəyyən olunmayıbsa) ilk öncə atalıq faktının müəyyən olunması ilə bağlı iddia ərizəsi ilə cavabdehin (atanın) rəsmi qeydiyyatda olduğu məhkəməyə müraciət edilməlidir. Atalıq faktı müəyyən edildikdən sonra həmin şəxsə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə cavabdehin olduğu, yaxud iddiaçının olduğu yer üzrə rayon məhkəməsinə müracəit edilməlidir”.

Qeyd edək ki, Ailə Məcəlləsin 76-78-ci maddələrinin tələbinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə hər ay qazancın (bütün gəlirlərin) üçdə bir hissəsi miqdarında və ya işin hallarından asılı olaraq sabit pul məbləğində aliment tutulur.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 8483