Oğlu intihar edən, nəvəsi güllələnən polkovnik - 13 övladın atası Axundov


16:28     30 İyun 2017 Grave_of_Mirza_Fatali_Akhundov.jpg

Bu gün Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olduğu gündür.


Femida.az M.F.Axundovun həyat yolunu təqdim edir:

Dahi Azərbaycan mütəfəkkiri, dramaturqu, maarifçisi Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa (Şəki) şəhərində anadan olub. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçüblər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb və 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənib. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Mütəfəkkirin tədqiqatçıları yazır ki, dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılan rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə gedir və Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilir.





Maraqlı cəhətlərdən biri budur ki, o, çinovnik olub, ancaq ürəyi çinovnik ürəyi olmayıb, o ürək xalq yolunda məşəl kimi alışıb. Hərbi rütbəsindən, o dövr cəmiyyətində, ictimai-siyasi mühitindəki nüfuzundan istifadə edərək xalqın maariflənməsinə çalışıb. Bu istiqamətdə ölçüyəgəlməz işlər görüb.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirib.


M.F.Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat etmiş və vəsiyyətinə görə Tiflisdə vaxtilə Tatar qəbiristanlığı adlanan qəbiristanlıqda (indiki Nəbatat bağında) müəllimi Mirzə Şəfi Vazehin və qohumlarının olduğu Yemlikli Yerbatan adlanan yerdə dəfn olunub.






Axundovun rəsmi həyat hissəsindən əlavə şəxsi həyatında da qəribə və maraqlı xüsusiyyətləri olub.

Mirzə Fətəli Axundov hökumət qulluğunda işləyərkən işə, eləcə də digər yerlərə çox zaman atla gedirmiş. Bir gün yenə yoldaşları ilə gəzməyə çıxıblarmış. Mirzə Fətəli yolun bir hissəsində necə olursa atını bir arxın içi ilə sürürmüş. Birdən çay o qədər daralır ki, Mirzə Fətəlinin bir ayağı arxın bir tərəfində, o biri ayağı da arxın o biri tərəfində qalır və at onun altından çıxıb yolunu davam edir. Mirzə Fətəli üzünü ata tutaraq deyir:
- Ay heyvan, dayan. Sən də Mirzə Hüseyn xan kimi bivəfalıq etmə, haraya gedirsən, məni də apar.
Yoldaşları xeyli gülürlər.

Ədib bir gün evdə olarkən pəncərədən Kür çayına tamaşa edirmiş. Bu vaxt evin xalçaları balkona sərili imiş. Onların evinə qonşu olan bağda da çoxlu avara-sərgərdan adam var imiş . Bu avaralardan biri də fürsət axtarırmış ki, xalçanı oğurlayıb aparıb bazarda satsın. Oğru bu məqsədlə balkona yaxınlaşır və və xalçaları sürüşdürüb yerə salır və sonra qoltuğuna vurub Tiflisin məşhur Şeytanbazarına satmağa aparır. Mirzə Fətəli bütün bunları görürmüş və oğrudan xəbərsiz onun ardınca düşüb izləyir. Bunlar düz gəlib çıxırlar Şeytanbazara. Xalçanı oğurlayan bazarda onu qabağına sərib satmaq istəyəndə Axundov ona yaxınlaşır:
- Xalçanı neçəyə satırsan?
- Çox bahadır, sən ala bilməzsən.
- Əşşi, qiymətini de, alacağam.
Nəhayət, oğru bir qiymət deyir, Axundov da razılaşır , amma bir şərt irəli sürür ki, xalçanı o özü Axundovun evinə gətirsin.
Onlar gəlhagəl düz gəlib çıxırlar Mirzə Fətəlinin evinə. Mirzə oğruya "indi xalçanı hardan götürmüşdün ora da qoy" deyəndə, oğru qorxudan ağappaq ağarır. Amma Axundov ona deyir ki, qorxma, pulu da götür. Oğru təşvişə düşsə də, Mirzə Fətəli onu sakitləşdirərək deyir ki, bala, götür pulu, amma bir də belə şeylər eləmə.

Axundovun övladlarının acı taleyi…





M.F.Axundzadə 1842-ci ildə axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənib. Onun Tubu xanımdan 13 övladı olub. Onlardan da yalnız ikisi - oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşamış, qalanları isə M.Fətəlinin sağlığında ölüb.





1866-cı ildə M. F. Axundov böyük qızı Seyrəbəyimi Qacar şahzadələrindən Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə verir. Altı ildən sonra Seyrəbəyim vəfat edərək iki uşağı yetim qalmışdır. Bu hadisədən bərk sarsılan M. F. Axundov ölən qızından yetim qalan körpə nəvələrinin anasızlığını hiss etməmələri üçün kürəkənin gözəl əxlaqi keyfiyyətlərə malik bir gənc olmasını nəzərə alaraq ikinci qızı Nisə xanımı da Xanbaba xana ərə verir. Bəzi tədqiqatçılar yanlış olaraq bu uşaqların Nisə xanımdan olduğunu qeyd edirlər. M. Qacar isə Nisə xanımın doğma qızıdır.

Böyük mütəfəkkirin yurdunda oğlu Rəşid bəy qalmış, onun vəsiyyətinə görə bütün mülkünə o, sahib olub. Amma onun da taleyi faciə ilə sona çatıb.

Rəşid Mirzə Fətəli oğlu 28 yanvar 1854-cü ildə Tiflis şəhərində anadan olub. 1863-72-ci illərdə Tiflis klassik gimnaziyasında təhsil alıb. 1874-də ali təhsil almaq üçün Brüsselə getsə də 1878-ci ildə atasının vəfatı onu sarsıdır, xəstələnir, maddi durumu pisləşir və geri qayıtmağa məcbur olur. 1882-də təhsilini tamamlamadan Tiflisə qayıdır, az sonra təhsilini bitirmək üçün Peterburqa gedir və yol mühəndisi ixtisasına yiyələnir. 1883-1884-cü illərdə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində çalışıb.





Mikayıl Rəfili “Mirzə Fətəli Axundov” adlı əsərində yazır:

“Rəşidin həyatı faciəli olmuşdur. Vətənə dönəndən sonra o, uzun müddət iş tapa bilməmiş, Rusiyanı gəzmişdir. Fransız sosialistləri ilə əlaqədə şübhəli bilinərək, polis nəzarəti altında yaşamış, doğma xalqından və ictimai mübarizədən ayrı düşmüş, ideya çıxılmazlığından və çar polisinin onu sıxışdırıb saldığı həyat burulğanından nicat tapmayaraq öz həyatını intiharla bitirmişdir”.

Göründüyü kimi böyük ədibin yeganə oğlu intihar etməklə həyatına son qoyub.

Nəvəsi güllələnən Axundov…

Rəşid bəy Axundovun yeganə oğlu Fətəli bəzi məlumatlara görə “Molla Nəsrəddin” jurnalının əməkdaşı İsmayıl Həqqi ilə bir vaxtda repressiyanın qurbanı olub və 1938-ci ildə güllələnib.

Yazıda Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, tanınmış publisist, jurnalist və yazıçı Mirzə Maşovun araşdırmasından istifadə olunub.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 18665