Zəhranın yuxusu - Kəmalə Əzizqızı yazır


19:35     06 İyul 2017 IMG_7252%20-%20Copy9.JPG

İsti yay gecəsi idi. Ətrafa süküt çökmüşdü. Sahibə nənə nəvəsi Zəhranı yatağına uzadıb, həmişəki kimi ona nağıl danışaraq yatızdırmağa çalışırdı. Biraz keçmiş Zəhra nənəsinin mülayim səsi və sevdiyi nağıl qəhramanlarının sərgüzəştlərini dinləyə-dinləyə üzündə təbəssüm gözlərini yumub şirin yuxuya gedti. Sahibə nənə Zəhranın yuxuladığını görüb susdu və mışıl-mışıl yatan nəvəsinə sarılaraq, onun kiçik əlini ovcuna aldı. Nənə bala dünyadan bixəbər idilər.

- Nənə, bura haradı, biz hara gedirik?

- Canım balam, bilmirəm, amma yolumuz çox mənzərəlidi, bax, quşlar cəh-cəh vurur, günəş ilıq nəfəsiylə isidir bizi, hər yanımız çəmən, gül-çiçək ...

- Nənə, axı sən böyüksən, hər şeyi bilirsən. Niyə demirsən, məni hara aparırsan?

- Ay gözəlim, vallah bilmirəm, heç bu yolla getməmişəm axı...

- Nənə, bəs atam, anam, ailəmiz hardadı, niyə onlar bizimlə getmir?

- Bilmirəm ay bala, bayaqdan gözlərim elə onları axtarır...

- Nənə, yadındadı mənə demişdin ki, böyüyəndə səni gəzməyə heç olmadığın gözəl yerlərə aparacam? Mən böyümüşəm ki? Biz indi ora gedirik?

- Yox, a bala, sən hələ körpəsən, bu yol o yol deyil, ay gözəl Zəhram.

- Nənə, bax qabaqda ağ paltarlı adamlar var. Bizə baxıb gülümsəyirlər. Kimdir onlar, tanıdın?

- Mələklərdi, ay Zəhra, onlar.

- O qonşumuz Mələk xala var eee, onu deyirsən? Ona oxşamırlar axı.

- Yox, ay quzum, bu o mələklərdi ki, hər gün sən yatanda yuxuna gəlirdilər, səni maraqlı nağıllar aləminə aparırdılar...

- Nənə, ay nənə, mən bildim, ur-ra, biz indi nağıllar aləminə gedirik!

- Yox, ay bala, bir dayan görək...

- Nənə, ayyyy, bu nə vahiməli səsdi, qorxuram axı? Niyə hər tərəfimiz qırmızıya boyandı? Nənə, ay nənə, səs ver mənə, mənə kömək elə, qorxuram axı...

- Qorxma Zəhram, yanındayam, əl-ələyik, sənin əlini heç buraxaram?

- Nənə, nə olar de ki bu qorxulu yuxudu, oyananda hər şeyi unudacaqsan.

- Eh, ay Zəhram, doğrudur biz yuxudayıq, mənim balam.

- Nənə, ay nənə, biz uçuruq? Bax, heeeey göylərə qalxırıq. Bax gör buralar necə də gözəldi.

- Hə, ay bala...

- Nənə, olar mən bu yumşaq balışda oturum?

- Bu balış deyil ki, ay Zəhram, bu buluddur, göylərdə gördüyümüz buludlardı bunlar.

- Nənə, ay nənə , gəl anamı, atamı, ailəmizi də gətirək bura, elə burda yaşayaq, kəndimizə qayıtmaq istəmirəm.

- Gözəl balam, biz daha oralara qayıtmayacağıq... Zəhram, canımın içi, biz daha bu yuxudan oyanmayacayıq. Atan, anan, ailəmiz, dostlar, tanışlar daha bizi görməyəcəklər. Biz onların xatirələrində yaşayacağıq.

- Bəs biz onlar üçün darıxanda, onları görmək istəyəndə quş olub onların yanına uçmayacağıq?

- Yox, ay bala. Biz onlara elə buralardan baxacağıq, onların yuxularına girəcəyik, onları qoruyan mələkləri olacağıq.

- Nənə, biz ölmüşük?

- ...

Kəmalə Əzizqızı
Femida.az



Açar sözlər:

Oxunub: 6098