• Ana səhifə / Manşet

Xəbər lenti

Bakıətrafı avtobusların iflic vəziyyəti – Formal qurum kimə lazımdır?


Tarix 12.09.17, 14:10


Hər gün minlərlə insan ictimai nəqliyyatdan istifadə edir. İctimai nəqliyyat deyərkən əhaliyə xidmət göstərən nəqliyyat vasitələri nəzərdə tutulur. Bu səbəbdən də ictimai nəqliyyatın daha keyfiyyətli şəkildə tənzimlənməsi vacibdir.


Femida.az bu gün Bakı şəhərində fəaliyyət göstərən avtobusların fəaliyyəti barədə monitorinq aparıb. Şəhər sakinlərinin hansı marşrut avtobuslarından narazı və şikayətçi olduğu məlum olub. Gün ərzində Bakı kəndlərindən şəhərin mərkəzinə minlərlə insan hərəkət edir. Ən böyük problemlərdən biri də məhz bu istiqamətdə fəaliyyət göstərən avtobuslarda yaşanır.

Abşeron qəsəbəsində yaşayan Aygün Quliyeva bu istiqamətdə fəaliyyət göstərən marşrutların fəaliyyətindən narazı olduğunu bildirir.

“Bakı qəsəbələrinə niyə dırnaqarası yanaşılır? Qonaqlar, turistlər görsün deyə şəhəriçi marşrutlar dövrün tələbinə uyğun, digər ərazilərin əhalisinə isə ikinci dərəcəli yanaşılır” deyən Bakı sakinləri şikayətçidir.

Xanım oxucumuz Mərdəkandan şəhər istiqamətinə hərəkət edən 141 nömrəli avtobusdan öz şikayətini bildirib. Züleyxa Əsgərzadənin sözlərinə görə, axşam saat 19:00- dan sonra bu avtobusu Mərdəkanda görmək mümkün deyil.

“Məcbur olub Mərdəkandan Bakıxanov qəsəbəsinə gəlmək üçün 2 avtobus dəyişməli oluruq. Səhər vaxtları da yarım, bir saatdan bir, Razindən Mərdəkana gedir. Bir şikayətim də 40 nömrəli avtobusdandır. Vaxtında yola düşmürlər. Ya gec yola düşüb, yüksək sürətlə sürürlər, ya da iki 40 nömrəli avtobuslar bir- biri ilə yarış keçirirlər. Keçən dəfə 40 nömrəli avtobusun sürücüsünün sayəsində 20-25 dəqiqəlik yolu 12 dəqiqəyə gəlmişdim” deyə şəhər sakini bildirib.






Şəhər sakini Əli Həsənov isə şikayət etməyə çox avtobus sürücüsü olduğunu bildirsə də, maraqlı bir məqama toxunub. Onun narahatlığı 139 nömrəli marşrutun taleyidir:
“ Sürücü çoxundan uzaq yol gedir. Amma hər dəfə boş olur. Avtobus dayanacağa gəlir və saatlarla sərnişin gözləyir. Həmişə o avtobusa minirəm ki, sürücüyə 20 qəpik xeyir verim.”

Digər şəhər sakini Vəsilə Fətəliyeva 22 nömrəli marşrutdan narazılığını bildirib.
“NZS”dən Bakıxanov qəsəbəsinə kimi elə sürətlə sürürlər ki. Sürücülər bizimlər kobud davranır”.

Elşən Hacıyev isə 114 saylı marşrutun acınacaqlı vəziyyətindən gileylənib. “Nə səhər, nə günorta, nə də axşam bu avtobuslarla gedib- gəlmək mümkündür”.

Şəhər sakini Nərgiz Babayeva isə sürücülərin daha bir hərəkətindən hiddətləndiyini bildirib. Onun sözlərinə görə, gediş haqqını 5 qəpiklə verdikdə sürücülər çox acıqlı davranırlar.

Bakı sakini Rüstəm Rüstəmov Azadlıq Metrosundan Fatmayi kəndinə gedən 134 saylı avtobusdan narazı olduğunu bildirdi. O, bu avtobusun 1 saatdan çox gecikməsindən narazıdır.

Şəhər sakini Lalə İbrahimova isə 124 nömrəli marşrutun yolununun açılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, bu marşrutun yolunun bağlı olması insanlarının əlavə xərcə düşməsinə səbəb olur. O alternativ kimi 125 saylı marşrutun qəsəbənin içərisindən hərəkətinin təşkilini də göstərdi.






Aydın Abdullayev isə 567 nömrəli marşrtun acınacaqlı durumundan bəhs edib. “ Bu avtobusda camaat qapılardan sallanır. Bu isə çox təhlükəlidir”, deyə şəhər sakini iradını bildirib.
Kərim Kərimov da eyni problemdən şikayətçi olduğunu deyir.

Rüfət Kəlbəliyev isə daha ciddi problemdən bəhs edib. Onun iddialarına görə, 160 nömrəli marşruta keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı olan İradə xanım nəzarət edir. Bu səbəbdən də o marşrut xəttinə rəqib digər xətllərin açılmasına icazə verilmir. Şəhər sakini bu problemdən artıq əhalinin bezdiyini də bildirib.

Daha çox şikayət olunan avtobuslardan biri də 36 saylıdır.
Samirə İsgəndərovanın sözlərinə görə, bu marşrut qaydalara əməl etmir.

“ 36 saylı marşrutun sahibi bütün Köhnə Günəşlini satın alıb. Necə istəyir, elə də işləyir. Azı 10 dəfə 141 zəng mərkəzinə xəbər etmişəm. Amma cavab verən olmayıb”, deyə sakin bildirib.
Leyla Əliyeva adlı sakin isə 94 və 211 nömrəli marşrutlardan narazıdır. “Vaxtında getmirlər. Sərnişinlər istəyəndə saxlamırlar. 141 qaynar xətti isə lazımsız yerə yaradılıb”.

Sumqayıt şəhər sakini Azər Hacıyev isə 2 nömrəli marşrut xəttinin yolunun dəyişdirilməsindən narazıdır. O, bundan sonra uşaqların məktəbə getməsinin çətinliyindən gileylənib.

Daha bir sakin İlqar Mikayılov 172 saylı marşrutdan şikayətçi olduğunu bildirdi. O da digər sakin kimi bu marşrut xəttinin sahibinin keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qohumu İradə adlı şəxsin olduğunu bildirdi. Bu səbəbdən də heç bir şikayətə baxılmadığından gileyləndi. Şəhərətrafı marşrut xəttlərindən şikayətçi olanlarla yanaşı şəhərin mərkəzində fəaliyyət göstərən avtobuslardan da narazı vətəndaşların sayı yetərincədir.






Şəhərin mərkəzində də vəziyyət heç də ürək açan deyil.

Daha çox şikayət olunan avtobus sürücüləri sırasında 18 və 6 nömrəli marşrutlar üstünlük təşkil edir.

Şəhər sakini Nüşabə Səlimova bildirib ki, 18 saylı avtobusların sürücüləri sakinlərlə çox nəzakətsiz və kobud davranır. Bundan əlavə dayanacaqdan kənarda saxlama halları da tez-tez baş verir.

Hövsan kənd sakini Seymur Qurbanov isə 175 saylı marşurut xəttinin yolunun 28 may metro stansiyasına qədər uzadılmasının vacib olduğunu bildirib.

“Sizdən xahiş edirik, Hövsan kəndində əhali avtobus sarıdan ciddi əziyyət çəkir. Avtobus metroya qədər getmədiyi üçün biz hər gün 2 manat taksiyə pul vermək məcburiyyətində qalırıq. Günü 10 manata işləyən adamlarıq. Onun da 2 manatını taksiyə verəndə bizə heç nə qalmır. Bununla bağlı dəfələrlə 141 nömrəli qaynar xəttə zəng etsək də, bir tədbir görən olmayıb. Nəticədə ictimai nəqliyyatdan istifadə edən kasıb təbəqə zülüm çəkir.”

Sakinlərin daha çox şikayət etdiyi avtobusların siyahısında 202, 114,22, 195, 133, 103, 88, 124, 18, 211,3 ön yerlərdə dayanır.

Şəhər sakinlərinin cavablarından da göründüyü kimi Bakının nəqliyyat sistemi bərbab vəziyyətdədir. Sərnişin daşımanın ayrı-ayrı fiziki şəxslərə, özəl şirkətlərə həvalə edilməsi problemin kökündə dayanan məsələdir. Çünki həmin şirkətləri keyfiyyətli xidmət göstərmək yox, daha çox gəlir əldə etmək düşünüdürür. Əhalinin şikayətləri isə sadəcə şikayət olaraq qalır.

Bakı şəhərində nəqliyyat sahəsində baş verən nöqsanlara nəzarət üçün yaradılmış Bakı Nəqliyyat Agentliyi hansı işlə məşğuldur?

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan Bakı Nəqliyyat Agentliyi sadəcə formal xarakter daşıyır. Əhalinin də dediyi kimi dəfələrlə quruma müraciət olunsa da, heç bir əməli tədbirlər görülmür. Halbuki, Agentliyin fəaliyyət istiqamətləri sırasında müvafiq sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaların və taksi minik avtomobilləri ilə sərnişindaşımaların (bundan sonra – müvafiq sərnişindaşıma) mərkəzləşdirilmiş qaydada tənzimlənməsini və idarə edilməsini təşkil etmək, nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasını təşkil və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək kimi öhdəlikləri var.

Bəs Bakı Nəqliyyat Agentliyi bunların hansının öhdəsindən gəlir?




(Mais Ağayev - Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri)


Agentliyin Mətbuat Xidmətinin fəaliyyəti isə yalnız sərnişinlər tərəfindən avtobuslarda baş verən neqativ halları işıqlandırmaqdan ibarətdir. Bunu paylaşan Mətbuat Xidməti nədənsə sürücülərin yol verdiyi qayda pozuntularına göz yumur. Dəfələrlə edilən müraciətlər isə cavabsız qalır.


Miri Məcidli
Femida.az

Xəbərin oxunma sayı : 5038











Cəmiyyət
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img