Prezident orta məktəbin açılışında iştirak edib


18:30     24 Sentyabr 2017 2017_ilham_aliyev_0308.jpg

Bu gün Azərbaycan prezidenti İlham Əliyev 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib.


Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına Salyan şəhər 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, 1954-cü ildən ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən Salyan şəhər 2 saylı tam orta məktəb 1937-ci ildə tikilmiş ikimərtəbəli uyğunlaşdırılmış binada yerləşib. 2003-cü ilədək məktəb binası 26 sinif otağından ibarət olub və tədris iki növbədə aparılıb. 2003-cü ildə əlavə 14 sinif otağı tikilib və həmin ildən etibarən tədris birnövbəli sistemə keçib.

2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi müvəqqəti olaraq 3 saylı tam orta məktəbin binasında yerləşdirilib. Dövlət başçısının ötən il imzaladığı sərəncamla məktəb üçün yeni bina tikilib və bu, bir çox problemləri aradan qaldırıb. İlk növbədə, digər təhsil ocaqlarında yerləşdirilən şagirdlər öz doğma məktəblərinə qayıdıblar. İndi onlar müasir, zəruri avadanlıqla təchiz olunmuş məktəbdə təhsillərini davam etdirirlər. Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.

Prezident İlham Əliyev məktəbin sinif otaqlarında, laboratoriyalarında, idman və atıcılıq zallarında yaradılan şəraitlə tanış olub. Atıcılıq otağında şagirdlər pnevmatik silahdan hədəfə atəş açmaq məharətlərini nümayiş etdiriblər.

Dövlətimizin başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzulayıb.

Açar sözlər:

Oxunub: 700