5 yaşlı qızına zəhər verib öldürən qadın MƏHKƏMƏDƏ


17:20     18 Oktyabr 2017 qizini.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.


Femida.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. G. Saypullayeva deyib ki, başında xəstəlik var, bunu bilərəkdən etməyib.

G. Saypullayevanın həyat yoldaşı Bəxtiyar Ömərov iclasda ifadə verib. Bildirib ki, G. Saypullayeva qızına yaxşı baxıb: "Mən həmin gün heyvanları otlağa aparmışdım. Sonra eşitdim ki, uşağın vəziyyəti pisdir. Həkimə aparanda yolda öldü. Gülnarə dedi ki, mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb uşağa verib. Səbəbin soruşanda "başıma nəsə fikir gəldi, elədim, dedi".

B. Ömərov deyib ki, uşaq onun yox Gülnarənin övladı olub və doğulandan ona atalıq edib, soyadını verib.
İclasda şahid qismində ailənin yaşadığı feramanın sahibi olan Rafiq Rəhmanov da ifadə verib. Bildirib ki, həmin ailəni mehriban ailə kimi tanıyıb: "Onlara ev vermişdim orada qalırdılar. Sonra eşitdim uşağın vəziyyəti pisdir. Xəstəxanaya aparanda uşaq öldü. Gülnarə də sonradan hər şeyi boynuna aldı. Uşağın ağzından köpük gəlirdi. Mən Luizanı nəvəm kimi çox istəyirdim. Mənə baba deyirdi, ona oyuncaqlar alırdım".

Proses oktyabrın 25-də davam edəcək.


Qeyd edək ki, bu il iyunun 14-də Qusarın Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 2030