Xameneidən ABŞ-a sərt sözlər: `O planı tikə-tikə doğrayacağıq`


19:33     18 Oktyabr 2017 maxresdefault02.jpg

“Qarşı tərəf bu planı pozmasa, biz də pozmayacağıq. Amma əgər onlar planı cırarsa, biz o planı tikə-tikə doğrayacağıq”.


Bu sözləri İranın ali lideri, ayətullah Əli Xamenei Tehranda yüksək elmi intellektə və istedada malik gənclərlə görüşü zamanı çıxışında ölkəsinin nüvə proqramına dair imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının ABŞ tərəfindən pozulması ehtimalı ilə əlaqədar deyib.

Ayətullah Xamenei bildirib ki, Avropa dövlətləri Fəaliyyət Planın icrasının zəruriliyini vurğulayıblar və ABŞ prezidentinin sözlərini pisləyiblər:

“Biz bunu alqışlayırıq, amma yalnız “planı cırmasın” demələri kifayət etmir. Birincisi, Avropa onların əməli addımlarının qarşısında durmalıdır. İkincisi, bizim müdafiə məsələlərimizə müdaxilə etməməlidir. Gəlib deməsinlər ki, İran nə üçün regiondakı proseslərə qarışır? Yaxşı edir. Və ya deməsinlər ki, İran nə üçün raketə sahibdir? Yaxşı, bəs siz niyə raketə sahibsiniz? Sizin niyə atom bombanız var?..”

Ə. Xamenei qeyd edib ki, Qərbin düşmən mövqeyinə baxmayaraq, İran güclü inkişaf edə bilib:

“Bütün bu inkişaf və uğurlarımız sanksiyalar dövründə baş verib. İstəmirəm vaxtımızı ABŞ prezidentinin boşboğazlığına və cəfəngiyatına cavab verməklə itirim. Ona cavab vermək vaxt itkisidir. ABŞ beynəlxalq sionizmin brokeri, İŞİD və təkfirçi cərəyanların yaradıcısıdır. Siz gözləyirsiniz ki, Amerika İŞİD-in qarşısında dayanan qüvvənin əlindən əsəbiləşməsin? Əsəbiləşiblər, çünki İslam Respublikası bu gün onların Livanda, Suriyada, İraqda və başqa yerlərdəki planlarını pozub. Hamı əmin olsun ki, bu dəfə də Amerikanın ağzına möhkəm yumruq dəyəcək. Onlar İran xalqı qarşısında məğlub olacaq. ABŞ prezidenti axmaqlıq edir, lakin bu, bizi onların hiyləsindən yayındırmasın”.(APA)

Açar sözlər:

Oxunub: 1175