Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı - Muxtarovun həyat yolu


15:50     23 Noyabr 2017 23972423_1938599826155719_1394226701_n.jpg

II Dünya müharibəsi illərində almanlara əsir düşən azərbaycanlı döyüşçülər müxtəlif yollarla yerli partizanlara qoşulurdular. Azərbaycan sovet tarixşünaslığında Avropada partizan hərəkatında iştirak edən azərbaycanlı döyüşçülərə aid tədqiqatlara az rast gəlinir. Müstəqillikdən sonra arxiv materialları əsasında yazılan əsərlərdə bu mövzuya geniş yer verilmişdir.


Belə əsərlərdən biri Ruqiya Əliyevanın «Азербайджанцы в европейском движении сопротивления» (Баку, 2005) adlı əsəridir. Həmin əsərdə Avropadakı partizan və antimüqavimət hərəkatında iştirak edən azərbaycanlı döyüşçülərə rast gəlinir. Bunlardan bir Fransanın azadlığı uğrunda döyüşən Qulu Muxtarovdur.

Qulu Əli oğlu Muxtarov 1916-cı ildə Ağcabədidə doğulub. Burada natamam orta təhsil aldıqdan sonra 1937-ci ildə oktyabr ayında Sovet ordusu sıralarına çağırılıb. 1939-cu ilin dekabrından 1940-cı ilin martına qədər Karel-fin müharibəsində iştirak edib. Döyüşlərin birində yaralandıqdan sonra geriyə qaytarılıb. II Dünya Müharibəsi başlayanadək Ağcabədidə hesabdar işləyib. 1941-ci ilin iyunundan Ağcabədi hərbi komissarlığından səfərbərliyə çağırılıb. Üçaylıq hərbi hazırlıq kursu keçdikdən sonra Q. Muxtarov cəbhəyə (Mozdok rayonu) göndərilərək 402-ci atıcı diviziyanın 883-cü atıcı alayında atıcı bölük komandiri təyin olunmuşdur. Burada həmin alay formalaşmış və Q. Muxtarov 320-ci atıcı bölüyə köçürülmüşdür.



Mozdok ətrafında döyüşlərdə iki dəfə yaralanmış və yaxınlıqdakı kəndə geri çəkilmişdir. Bu zaman kənd almanlar tərəfindən mühasirəyə alındı və Q. Muxtarov əsir düşdü. İşğal olunmuş kəndin mülki sakinləri ilə birlikdə Q. Muxtarov Taman şəhərindəki hərbi əsirlər üçün düşərgəyə göndərildi. Buradan əsirləri Kerç şəhərinə yollayırdılar. Ağır yaralı Q. Muxtarov qospitala köçürüldü. Sonra onu Polşanın Krakov, Pşemışl, Ukraynanın Zaporojye, Belaya Serkov şəhərlərinə lagerə yerləşdirdilər.

Müalicədən sonra onu Ukraynanın işğal olunmuş şəhər və kəndlərinin mülki əhalisi ilə birlikdə Almaniyaya yolladılar (almanlar onun keçmiş döyüşçü olduğunu bilmirdilər). Qulu Muxtarov 1944-cü ilin mayına qədər Qərbi Almaniyanın Verme şəhərinin hərbi əsirlər düşərgəsində saxlanıldı. Burada ondan ağac doğramaqda, küçə süpürməkdə və başqa işlərdə istifadə edirdilər. Sonra onu Fransanın Nansi şəhərindəki hərbi əsir düşərgəsinə yolladılar. İki fransız əsir və rus Q.D.Vasilyev ilə birgə qaçmaq fikrinə gəldi. 20 iyul 1944-cü ildə onlar razılaşdılar ki, meşəyə odun doğramağa gedərkən Nansi şəhərinin digər tərəfinə qaçsınlar. Danışdıqları kimi, buradan yerli vətənpərvərlər onları fransız şəhəri Belfora qədər ötürdülər. Gec olsa da fransız dostları Q. Muxtarovu və Q.D.Vasilyevi Fransanın Nim şəhərinə qədər ötürdülər və onları Sovet Partizan Alayına qoşdular. Tezliklə Q. Muxtarov 2-ci batalyonun 2-ci bölüyün 4-cü taqımına komandir təyin olundu. O, öz partizanları ilə birlikdə Fransanın azadlığı uğrunda öz töhvəsini vermiş, hərbi əməliyyatlarda və çıxışlarda iştirak etmişdir.



1945-ci ilin oktyabrında 1-ci Sovet Partizan Alayı buraxıldı və keçmiş Sovet hərbi əsirləri Sovet Hərbi nümayəndəliyinə təhvil verildi. Almaniyanın Potsdam və Serbet şəhərlərində “NKVD”-nin yoxlama məntəqəsindən keçdikdən sonra onu Smolensk şəhəri yaxınlıqdakı dislokasiya olmuş 5-ci atıcı diviziyanın 55-ci ehtiyat atıcı alayına təhvil vermişlər. O, 1945-ci ilin dekabrında Sovet Ordusundan təxris olunmuş və doğma Ağcabədi rayonuna qayıtmaq icazəsi almışdır.

Sonrakı illərdə o, Ağcabədi Rayon İcraiyyə Komitəsində nəqliyyat şöbəsinə rəhbərlik etmiş, daha sonra yerli ticarət birliyində çalışmışdır. O, Ağcabədi rayon Veteranlar Şurasının fəal üzvlərindən biri olmuşdur.

Şəfa Mövsümlü, AMEA Tarix İnstitutunun doktorantı
Femida.az üçün

Açar sözlər:

Oxunub: 2289