Bakıda beynəlxalq statuslu Əmək Mərkəzi yaradılır


22:17     23 Noyabr 2017 601995.jpg

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin İstanbul (Türkiyə) şəhərində keçirilən 33-cü sessiyasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İƏT-in mənzil-qərargahı Bakı şəhərində yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin Nizamnaməsini ölkəmiz tərəfindən imzalayıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, İƏT əmək nazirlərinin 2013-cü ilin aprel ayında Bakı şəhərində keçirilmiş ikinci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması təklifini irəli sürüb. Bu təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib. Ötən dövrdə Mərkəzin Konsepsiya Sənədi və Nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə göndərilib. 2014-cü ilin iyun ayında İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin Bakı şəhərində təşkil etdiyi iclas zamanı iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri tərəfindən Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi ətraflı müzakirə edilib. İƏT Xarici İşlər Nazirləri Şurasının 2014-cü ilin iyun ayında Ciddə (Səudiyyə Ərəbistanı) şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul edilən iqtisadi məsələlər üzrə Qətnamədə dövlətimizin başçısının İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması barədə təklifi bir daha alqışlanıb, bu sahədə Azərbaycanın səyləri dəstəklənib.

2015-ci ilin oktyabr ayında İƏT əmək nazirlərinin Cakarta (İndoneziya) şəhərində keçirilən üçüncü konfransında qəbul olunmuş qərarla Mərkəzin Nizamnamə layihəsi təsdiqlənməsi üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasına təqdim olunub və 2016-cı ilin oktyabr ayında Daşkənd (Özbəkistan) şəhərində keçirilən həmin sessiya zamanı Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Mərkəzin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 üzv ölkə tərəfindən imzalanması tələb olunur ki, artıq Türkiyə və Azərbaycan tərəfindən sənədin imzalanması təmin edilib.

Nizamnamənin Azərbaycan tərəfindən imzalanmasından sonra sessiyanın bağlanış iclası keçirilib və iclasda yekun söz Azərbaycan tərəfinə verilib. S.Müslümov çıxışında ilk növbədə Türkiyə Prezidenti və İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin sədri Rəcəb Tayyib Ərdoğana, belə bir mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə, eyni zamanda nümayəndə heyətlərinə göstərilən yüksək qonaqpərvərliyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.

Ticarət və iqtisadi sahədə səmərəli əməkdaşlıq səylərinin daha da güclənəcəyinə əminlik ifadə edən S.Müslümov geniş bir coğrafiyanı əhatə edən İslam ölkələri arasında nəqliyyat dəhlizlərinin genişləndirilməsi və yenilərinin inşasının bu ölkələrin uzunmüddətli inkişafına mühüm töhfələr verəcəyini və ümumən qlobal miqyasda onların rəqabətədavamlı iqtisadiyyata malik olmalarını asanlaşdıracağını vurğulayıb. Nazir bu mənada sessiyada aparılan müzakirələrin ölkələrimiz üçün uğurlu olmasını və gələcəkdə səmərəli layihələrə səbəb olmasını arzulayıb.

S.Müslümov bildirib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycan da İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il "İslam Həmrəyliyi İli" elan edilib. Bu il Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi isə İslam həmrəyliyinin möhkəmlənməsinə ölkəmizin mühüm töhfəsi olub.

Eyni zamanda, mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması üçün hələ 2008-ci ildən "Bakı prosesi"ni uğurla həyata keçirən ölkəmizdə ötən dövrdə mütəmadi olaraq Mədəniyyətlərarası Ümumdünya Forumları, Beynəlxalq Humanitar Forumlar, 2010-cu ildə Dünya Dini Liderlər Sammiti, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu uğurla təşkil olunub. Azərbaycan eyni zamanda Birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq səviyyəli möhtəşəm idman oyunlarına yüksək səviyyədə ev sahibliyi edib.

S.Müslümov hazırda Azərbaycanın 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdüyünü vurğulayıb. Nazir diqqətə çatdırıb ki, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Azərbaycanın sərgi üçün təklif etdiyi "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" mövzusu da bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir, çünki bütün inkişafın və innovasiyaların əsasında insan kapitalı dayanır.

S.Müslümov fursətdən istifadə edərək, sessiyada iştirak edən İƏT-ə üzv dövlətlərin nümayəndələrini ölkələri tərəfindən Azərbaycanın "Expo 2025" Sərgisinə namizədliyini dəstəkləməyə çağırıb.

Nazir qeyd edib ki, İƏT-in Bakıda yaradılması nəzərdə tutulan, Təşkilatın ixtisaslaşmış qurumu olacaq Əmək Mərkəzinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdir: "Türkiyə Respublikası İƏT Əmək Mərkəzinin Nizamnaməsini 2017-ci ilin 10-11 iyul tarixlərində Kot-d`İvuar Respublikasında keçirilmiş İƏT Xarici İşlər Nazirlərinin 44-cü sessiyası çərçivəsində imzalayıb. Bu gün isə Azərbaycan Nizamnaməni imzalayan ikinci dövlət olur. İƏT Əmək Mərkəzinin formal olaraq təsis edilməsi üçün onun Nizamnaməsinin 10 ölkə tərəfindən imzalanmasının tələb olunur və yaradılmış imkandan istifadə edərək mən digər İƏT üzv dövlətlərini sözügedən Nizamnaməni imzalamağa dəvət edirəm".

S.Müslümov sessiyanın bütün iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İƏT-in beynəlxalq təşkilat statuslu Əmək Mərkəzinin Nizamnaməsinin ölkəmizdə keçirilən "İslam Həmrəyliyi İli"ndə imzalanması böyük məna və əhəmiyyət kəsb edir. Mərkəz əmək, məşğulluq, sosial müdafiə, əmək bazarının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması, insan kapitalının inkişafı və s. kimi vacib sahələrdə üzv dövlətlər arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynamaqla, nəticə etibarilə İslam ölkələri arasında birliyin və həmrəyliyin güclənməsinə öz töhfəsini verəcəkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 832