Əli Həsənovun nəvəsi məhkəməyə gətirildi - ZƏRƏÇƏKMİŞLƏR GƏLMƏDİ (YENİLƏNİB)


17:04     24 Noyabr 2017 nail-qeza_1501842017_15019206668.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb.

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yenilənib***

Prosesdə zərərçəkmiş Türkiyə vətəndaşları - Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub.

"Report"un xəbərinə görə, daha sonra hadisə zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Rauf Səmədov, Ramiz Əsədov, Adil Ocaqverdiyev və Ülviyyə Əliyevanın iclasda iştirak etdiyi açıqlanıb.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, N.Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O bildirib ki, evlidir, ali təhsillidir, əvvəllər məhkumluq həyatı yaşamayıb, həbs olunana qədər işləməyib və hərbi xidmətdə olmayıb.
N.Allahverdiyevin vəkilləri iclasda heç bir vəsatət vermək istəmədiklərini söyləyib.
Məhkəmənin baxış iclası dekabrın 1-nə təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2461