Milli Məclisdə deputatlar arasında gərgin müzakirə - Ordu ilə bağlı


17:14     15 Dekabr 2017 publika.az1454223140siyavush.jpg

“Silahlı qüvvələr Ali Baş Komandana tabedir. Bu sahəyəyə ictimai nəzarətin olmasının əleyhinəyəm. Bu iş hansı qeyri-hökumət təşkilatına tapşırılacaq, onların silahdan başı çıxırmı?”.


Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib: “Bəzən elə olur ki, hərbi xidmətdə olmayanlar hərbi haqqında qanundan danışır. Dünyada bu cür təcrübə var. Müqavilə əsasında formalaşan ordu olur, bu zaman ictimai nəzarətə ehtiyac yaranır”.

Deputat qeyd edib ki, orduya mütəxəssis rəhbərlik etməlidir:

“Bir dəfə orduya rəhbərliyi riyaziyyatçıya həvalə etdik, gördük, nələr baş verdi. Adını çəkmək istəmirəm, Milli Məclisə layiq deyil. Orduda professional zabitlər olmalıdır. Media da Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməlidir. Ordu sirləri qapalı olmalıdır. Mətbuat nazirliyin mətbuat xidmətinin verdiyi məlumatdan başqa məlumat yaymalı deyil”.

Milli Məclisin digər deputatı Qüdrət Həsənquliyev bildirib ki, bu yanlış addımdır.
O qeyd edib ki, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq: “Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.


Deputat Azay Quliyev də ordu üzərində ictimai nəzarətin vacibliyini qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2393