Lənkəranda gəlinləri yoldan çıxaran kişiyə qarşı ŞOK ADDIM


18:41     15 Dekabr 2017 20080407172105_croatia-muslim-couple.jpg

Qəsdən adam öldürməyə cəhddə ittiham olunan Lənkəran sakini, 1985-ci il təvəllüdlü Qədir Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az Publika.az-a istinadən xəbər verir ki, Qədir Şahbazov Lənkəran rayonunun Bürcəli kənd sakini Taleh Abbasovun digər qadınlarla yanaşı, onun bacılarının da mobil telefon vasitəsilə fotoşəkillərini çəkməsi, telefonda saxlaması barədə 2016-cı ilin dekabr ayının sonlarında həmkəndlisi Əliheydər Muradovdan məlumat alıb.

Qədir Şahbazov Taleh Abbasovla görüşərək, bu hərəkətlərinə görə ona iradını bildirib. Bunu inkar etməsinə baxmayaraq, o, Taleh Abbasovun səmimiyyətinə inanmayıb.

Qədir Şahbazov Taleh Abbasovdan qisas alaraq, onu öldürmək qərarına gəlib. O, bu məqsədlə meşədə gizlətdiyi tüfəngi götürərək 6 yanvar 2017-ci ildə, saat 20 radələrində Taleh Abbasovun gözətçi işlədiyi Lənkəran rayon Hirkan Milli Parkının ərazisində yerləşən gözətçi məntəqəsinə gəlib. Orada kənarda gizlənərək Taleh Abbasovun güdməyə başlayıb.

Bu zaman Qədir Şahbazov orada olan şəxslərin söhbətini eşidib və Taleh Abbasovun idarə etdiyi motosikletlə yaşadığı evə tək gedəcəyini bilib. O, sonra cinayət əməlini həyata keçirmək üçün parkın ərazisindən keçən Lənkəran rayon Daşdatük avtomobil yolunun kənarına gəlib və oradakı kolluq ərazidə özü üçün mövqe tutaraq gizlənib.

Bir qədər sonra Taleh Abbasov motosikletlə Qədir Şahbazovun gizləndiyi yerin qarşısından keçərkən, o, yola çıxıb və əlindəki tüfəngdən açdığı atəşlə Taleh Abbasovu vurub.

“İki bacımın şəkillərini çəkdiyini eşitmişəm”

Taleh Abbasov yaralandıqdan dərhal sonra - saat 20:34-də istifadəsindəki mobil telefonla zəng edərək, həmin vaxt eyni yolda hərəkətdə olan iş yoldaşı Abduləli Seyfullayev və qardaşı Azad Abbasovu hadisə yerinə çağırıb. Hər iki şəxsin köməkliyi ilə Taleh Abbasov vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı Qədir Şahbazovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Qədir Şahbazov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O göstərib ki, fərdi əməklə məşğul olmaqla, himayəsində həyat yoldaşı və 3 azyaşlı uşaqları ilə birgə Daşdatük kəndində yaşayıb: “Bürcəli kəndində yaşayan və Hirkan Milli Parkında mühafizəçi işləyən Taleh Abbasovu 2012-ci ildən tanıyıram. Onunla düşmənçiliyim və ya ədavəti olmayıb. Lakin Taleh Abbasovun əxlaqsız adam olmasını, yəni kənddə yaşayan bir neçə gəlini yoldan çıxararaq, onlarla yaxınlıq etdiyini, mobil telefonla onların şəklini çəkərək telefonunda saxladığını, onun hərəkətlərinin bir neçə ailənin dağılmasına səbəb olduğunu bilmişəm. Onun iki bacımın şəkillərini çəkdiyini də eşitmişəm. Onunla görüşüb, bu əxlaqsız hərəkətlərinə son qoymasını tələb etsəm də, ancaq o, öz pozğun hərəkətlərini davam etdirib”.

“Kolların arxasında gizləndim”

Qədir Şahbazov bildirib ki, Taleh Abbasovun əxlaqsız hərəkətlərinin qarşısını almaq məqsədilə onu cəzalandırmaq istəyiib: “2016-cı ilin oktyabr ayında ov etmək üçün qayınatam Sərhad Feyziyevdən alaraq meşədə gizlətdiyim ov tüfəngini götürdüm. Yanvarın 5-də saat 20-də Talehin işlədiyi Hirkan Milli Parkında Daşdatük yolunun üstündəki gözətçi məntəqəsinə gəldim. Orada onun evə getməsini gözlədim. Həmin günü Talehin yanında kənar şəxslər olduğundan geri qayıtdım. Talehi cəzalandırmaq niyyəti ilə səhəri gün, mobil telefonumu evdə qoyaraq yenidən saat 20-də gözətçi məntəqəsinə gəldim. Həmin tüfənglə beş ədəd patronu gizlətdiyim yerdən götürdüm və parkın gözətçi məntəqəsinə tərəf yollandım. Heç kim görməsin deyə məntəqənin arxa tərəfindəki kolların arxasında gizləndim”.

“Arxadan atəş açdım”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt məntəqədə Taleh, qardaşı Azad, iş yoldaşı Abduləli və digər şəxslər olub: “Gizləndiyim yerdən onların söhbətlərinə qulaq asmışam. Azadın Abduləlinin maşınında, Talehin isə tək gedəcəyini eşitdim. Talehi vurmaq üçün uyğun şərait olduğuna görə gözətçi məntəqəsindən uzaqlaşdım və Daşdatük yolunun kənarındakı kolluq yerə gəldim. Orada gizlənərək Talehin gəlməsini gözlədim. Talehin motosikletlə tək gəldiyini, olduğum yerin qabağından keçdiyini gördüm. Əvvəldən lüləsinə patron qoyduğum tüfəngi hazır vəziyyətdə saxladım və arxadan təxminən 30-40 metr aralıdan bir dəfə atəş açdım. Atəş açılandan sonra Talehə dəydi və o, xəsarət aldı. Taleh motosikleti saxlayaraq düşərək yerdə uzanıqlı vəziyyətdə qaldı. Uzaq və gecə olduğuna görə tam hansı vəziyyətdə olmasını görə bilməmişəm”.

“Tüfəngi meşədə gizlətdim”

Qədir Şahbazovun sözlərinə görə, Talehin əlindəki telefonun ekranının işığının yandığını görüb və onun kiməsə zəng etdiyini başa düşüb: “Talehin kiminləsə qısaca danışaraq vurulduğunu və köməyə gəlməsini dediyini eşitdim. Az sonra Xanbulan kəndi tərəfdən biz olduğumuz yerə tərəf maşın gəldi. Maşından Abduləli və Azad düşdü. Onlar Talehi maşına mindirərək apardılar. Mən isə tüfəngi dörd patronu ilə birgə meşədə sellofana bükərək kolluqda gizlətdim. Tüfəngdən atdığım patron gilizini isə Daşdatük kənd orta məktəbinin həyətindəki ayaqyoluna ataraq evimizə getdim”.

“Ailəmin şərəf və ləyaqətini qorumaq məqsədilə...”

Qədir Şahbazov qeyd edib ki, fevralın 18-də atası ilə birlikdə Lənkəran şəhər-rayon polis şöbəsinə gələrək Taleh Abbasovu ov tüfəngi ilə vurmasını bildirib və cinayət törədərkən istifadə etdiyi 20 kalibrli, qoşalüləli ov tüfəngini şöbəyə təqdim edib: “Taleh Abbasova atəş açarkən niyyətim onu öldürmək deyil, ona xəsarət yetirmək, onu cəzalandırmaq olub. Hazırda himayəmdə onkoloji xəstə olan arvadım və 3 azyaşlı uşağım var. Cinayəti ailəmin şərəf və ləyaqətini qorumaq məqsədilə törətmişəm. Bu, ilk məhkumluğumdur. Törətdiyim cinayəti etiraf etmişəm. Bütün bunların nəzərə alınmasını, mənə yüngül cəza verilməsini xahiş edirəm”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Taleh Abbasov bildirib ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Bürcəli kəndində yaşayır: “2002-ci ildən 2014-cü ilə kimi Hirkan Milli parkında mühafizə yegeri işləmişəm. 2014-cü ildə isə ağac kəsmə faktlarına görə işdən azad olunmuşam. 2015-ci ilin qış ayında isə yenidən həmin parka işə qəbul olunmuşam, gözətçi kimi parkın Daşdatük yolunun üstündəki gözətçi məntəqəsində yerləşmişəm”.

“Arxaya boylanaraq hay-küy etdim”

Taleh Abbasovun sözlərinə görə, yanvarın 6-da, saat 19.30-da iş yoldaşı Abduləli Seyfullayevə zəng edib və qardaşı Azadla gözətçi məntəqəsinə getdiyini deyib: “Abduləlinin də yoxlamaq üçün məntəqəyə gəlməsini xahiş etdim. Bir neçə dəqiqədən sonra Abduləli də öz maşını ilə məntəqəyə gəldi. Təxminən saat 20.30-da biz evə getmək üçün Abduləli öz maşını ilə qabaqda çıxdı. Azad da Abduləlinin maşınına oturmuşdu. Mən isə arxadan motosikletə minərək məntəqədən çıxdım. Məntəqədən təxminən 200 metr aralandıqda başıma taxan fənəri unutduğu üçün Abduləliyə motosikletin işığı ilə işarə verdim və onu saxladaraq Azaddan fənəri götürüb-götürmədiyini soruşdum. Azad fənəri götürməyi unutduğunu dedi. Məntəqəyə qayıdaraq fənəri götürdüm. Yenidən evə yola düşdüm. Abduləli məndən xeyli aralanmışdı. Motosikletim nasaz olduğundan onu çox yavaş sürətlə idarə edərək Daşdatük yoluna çatarkən fit səsi eşitdiyim üçün yolun kənarında saxladım. Arxaya boylanaraq hay-küy etdim. Lakin heç bir səs olmadı”.

“Kürəyimi balaca təpəyə söykədim”

Taleh Abbasov qeyd edib ki, yenidən motosikletə minərkən arxa tərəfdən güllə açılıb: “Bu zaman kürəyimdə nə isə istilik hiss etdim. Kiminsə məni güllə ilə vurduğunu başa düşdüm. Tez yanımdakı təpəyə tərəf qaçdım. Sonra Abduləliyə zəng edərək onu köməyə çağırdım. Özüm isə motosikletin yanında kürəyimi balaca təpəyə söykədim, yerdə oturdum. Təxminən 3-5 dəqiqə sonra Abduləli Azadla birlikdə öz maşını ilə yanıma gəldilər. Məni maşınına mindirərək Bürcəli kəndində Bilal həkimin evinə, oradan isə xəstəxanaya apardılar. Yolda huşumu itirmişəm. Bir neçə saatdan sonra xəstəxanada ayılmışam. Tüfəngdən atəş açan şəxsi görməmişəm. Həmin şəxsin konkret kim olmasını bilməmişəm”.

“Bacısı ilə sevişmişik”

Taleh Abbasovun ifadəsinə görə, fevralın 18-də onu tüfənglə vuran şəxs Daşdatük kənd sakini Qədir Şahbazov olduğunu eşidib: “Qədir könüllü olaraq polis şöbəsinə gedərək özünü təqdim edib. Hadisəni törədərkən istifadə etdiyi tüfəngi şöbəyə təhvil verib. Qədirlə normal münasibəti olmuşam. Onunla ədavətim olmayıb. Qədirin bacısını subaylıqdan tanımışam. Onunla bir-birimizi sevib, istəmişik. Lakin ailə qurmamışıq. Baş vermiş hadisədən əvvəl də, sonra da onun bacısı ilə telefon əlaqəmiz olub. Onunla dostluq etmişəm. Lakin aramızda yaxınlıq olmayıb. Mənim telefonumda Qədirin bacısını şəkli olmayıb. Qədirə qarşı heç bir şikayətim yoxdur”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qədir Şahbazov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qədir Şahbazov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən saölamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib.

Qədir Şahbazovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Qədir Şahbazovun apelyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4292