Müğənninin keçmiş biznes ortağına hökm oxunub


18:54     15 Dekabr 2017 1456900427.jpg

Bu gün tanınmış müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovanın məhkəmə iclası başa çatıb.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Dövlət ittihamçısı S.Hüseynovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Amma S.Hüseynova məhkəmə proseslərinə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarışa verilməsi barədə qərarı çıxarıb.

R.Ayxanla birgə işləmiş tanınmış dizayner S.Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və o, Bakı İstintaq Təcridxanasına köçürülüb.

S.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 723