Leyla Əliyeva şeirlərini səsləndirdi


13:47     16 Dekabr 2017 img-0771-1.JPG

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş “Poeziya günü” keçirilib.


Femida.az-ın xəbərinə görə, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində baş tutan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ədəbiyyat və mədəniyyət xadimləri, xalq şairləri, gənc şairlər, həmçinin Qəbələdən Qarabağ müharibəsində iştirak etmiş veteranlar, rayon icra hakimiyyətinin nümayəndələri, idarə, təşkilat rəhbərləri və başqaları iştirak edib.

Tədbirin açılışında ümummilli lider Heydər Əliyevin və Azərbaycan prezidenti İlham Əliyevin şair və yazıçılara diqqətindən, həmçinin hərbçilərlə görüşlərindən bəhs edən film nümayiş etdirilib.

Poeziya günündə çıxış edən Xalq şairi Nəriman Həsənzadə bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da vətənpərvərlik mövzusunun tarixinin qədim olduğunu, bu mövzunun aktuallığını qoruyub saxladığını diqqətə çatdırıb.

Gənc yazarlar Fərid Hüseynov, Gülnar Qasımlı, Lamiyə İsayeva, Zəhra Bədəlbəyli, Alsu Carçılı, Aynur Nurlu, Heyran Hüseynova və Şahanə Müşfiq müharibə, həmçinin Azərbaycan və Bakı haqqında qələmə aldıqları şeirləri təqdim ediblər.

Tədbirin ideya müəllifi Aynur Nurlu, quruluşçu rejissoru Rövnəq Həsənzadə olub.

Poeziya günündə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müəllifi olduğu “Zəhranın xatirəsinə” və “Bakı” adlı şerlərini səsləndirib.

Mərasimdə Nigar Həsənzadənin rəhbərliyi altında “Söz” ədəbi layihəsinin iştirakçıları-Əsgər Novruzov, Leyla Qurbanova, Səbinə Vəlibəyova, Zaur Rəxşan və Firdovsi Rəsul müəllifi olduqları şerləri təqdim ediblər.



Proqram çərçivəsində Xalq artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Alimqızı və Sevda Ələkbərzadə, pianoçu, Azərbaycan Milli Konservatoriyasının dosenti Naibə Şahməmmədova və Qəbələ uşaq xorunun ifaları dinlənilib.

Mərasimdə, ön sözü Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tərəfindən yazılmış, AYB-nin dəstəyi ilə yenicə ərsəyə gəlmiş 47 şairin, o cümlədən Leyla Əliyevanın ümumilikdə 61 şerindən ibarət “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu” kitabı iştirakçılara və qonaqlara təqdim olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1277