Hərbçi xanım : “ Müharibə olsa vuruşmağa hazıram ” - ÖZƏL MÜSAHİBƏ


21:52     15 Sentyabr 2015 mm42.jpg


Femida.az “Hərbçi qadın” adlı yeni layihəsini təqdim edir. Layihənin hazırlanmasında məqsəd müharibə şəraitində olan ölkəmizdə vətənpərvərlik hissinin artırılması və qadın hərbçilər haqqında daha doğru informasiyanı aşılamaqdan ibarətdir.





Layihə çərçivəsində ilk müsahibimiz Ədliyyə leytenantı Sadıqova Ülviyyə Məhərrəm qızıdır. Femida.az leytenant xanımla müsahibəni təqdim edir:

Ülviyyə xanım, niyə məhz hərbçi qadın?


- Mən 2005-ci ildən hərbi xidmətdəyəm. Hərbi xidmətə gəlməyə səbəbim respublikamızın müharibə şəraitdə olduğu bir vaxtda vətənimə dəstək olmaqdır. Bizim qadınlarımız əsrlər boyu döyüşkən və mərd olublar. Qadınlarımız bütün sahələrdə fəal iştirak edirlər. Fikirləşdim ki, niyə də hərbçi qadın olmasın? Həmçinin dövlətimizin bu sahəyə xüsusi qayğısı bizdə ruh yüksəkliyi yaratdı. Mən ilk vaxtlar Sərhəd Qoşunlarında xidmətə başladım. Orada 7 il xidmətim olub. Qaldı ki, bu sahəyə maraq hardandır sualına, mən belə cavab verərdim ki, vətənə sevgi.

Ailənizin, ətrafdakı insanların hərbçi qadına münasibəti necədir? İnsanlar hərbçi qadın görərkən ilk reaksiyaları nə olur?




- Ailəmizdə indiyə kimi hərbçi olmayıb. Amma biz 3 bacı hərbi xidmətdəyik. Hər üçümüz zabit rütbəsi daşıyırıq və bununla fəxr edirik. Düzdür, hərbçi çətin peşədir, amma şərəflidir.
İnsanların münasibəti indi çox müsbətdir. Yaşlı insanların baxışları, bizə dedikləri xoş sözlər hər şeyin əyani sübutudur. Yetkinlik yaşına çatmayan qızlar bizə yaxınlaşıb deyirlər ki, biz də hərbiyə gəlmək istəyirik. Bu bizi çox sevindirir. Bizim də məqsədimiz budur. Mən xidmətə başladığım illərdə belə deyildi. Amma bu gün münasibət tam fərqlidir. Burada dövlətimizin göstərdiyi xüsusi qayğının da rolu böyükdür.

Hərbçi qadın olmaq üçün hər hansı bir kriteriya varmı? Kimlər hərbçi qadın ola bilər?

- Burada yalnız yaş məhdudiyyəti var. 40 yaşınadək qadınlar hərbidə xidmət edə bilərlər. Burada başqa məhdudiyyət yoxdur. Yetər ki, içində vətən sevgisi olsun. Azərbaycan qadını çox güclüdür və hər şeyə qadirdir. Ona görə də qızlarımızı çəkinmədən ordu sıralarına dəvət edirik. Bu iş çətin olsa da, şərəflidir. Bu formanı geyinəndən sonra insanda belə bir fikir formalaşır ki, sən artıq adi vətəndaş deyilsən, seçilmiş bir vətəndaşsan. Mən bu gün forma daşıdığım üçün fəxr edirəm, qürur duyuram.
Hərbi həyatı intizamlı olmağı tələb edir. Bu da güclü iradə tələb edir.



Xidmət illərinizdə elə bir hadisə olub ki, indiyə kimi onu unuda bilməmisiz?

- Bəli, belə hadisələr çox olur. İstər təlimlərdə, istər sıra hazırlığında, istərsə də xidmət vaxtlarında. Sərhəd qoşunlarında çalışanda biz tez-tez poliqona gedirdik. Orada kişi və qadın fərqi yoxdur.

Azərbaycanın hərbçi qadını düşmən ordusu haqqında nə dərəcədə məlumatlıdır?

- Düşmənimizi hər bir cəhətdən hamımız tanımalı və öyrənməliyik. Mən bu barədə çox da danışmaq istəmirəm. Amma öz ordumuzun hərbçi qadınları heç bir dövlətin ordusunun qadınlarından geri qalmır. Bu gün Ali Baş Komandan əmr versə, biz qadınlar da vətənin işğaldan azad edilməsi üçün mübarizəyə hazırıq. Bizdə ruh yüksəkliyi var. Mən şəxsən düşmənə qarşı müharibə əmri verilərsə, ön cəbhədə vuruşmağa hazıram.



Mətbuatla münasibətiniz necədir?

- Mətbuata münasibətim ümumi götürəndə yaxşıdır. Amma bəzi mətbuat orqanları var ki, məlumatları çox şişirdirmiş şəkildə verir. Belə hallara qarşıyam. İstərdim ki, mətbuat olan hadisələri yazsın və işıqlandırsın. Mənim gündəlik məlumat aldığım saytlar daha çox dövlət orqanlarının saytlarıdır. İlk öncə prezident.az saytını oxuyuram. Çünki bizim sahə ilə bağlı birbaşa məlumatlar orada olur. Sonra “Azərbaycan”, “Respublika” qəzetlərini oxuyuram. Gündəlik sosial şəbəkələrdən də məlumatları əldə edirəm. İstərdim ki, saytlarımız vətənpərvərlik mövzulu yazıları daha çox yaysınlar. Mətbuat gənclərə maarifləndirmə işində daha böyük rola malikdir.

Təxminən ölkəmizdə nə qədər hərbiçi qadın var?

- Bu suala birbaşa cavab verə bilmərəm. Amma onu deyə bilərəm ki, hərbçi qadınların sayı günü-gündən artır. Onların arasında müxtəlif xidmət sahələrində fəaliyyət göstərənlər var.

Sizin üçün hərbi rütbə nə dərəcədə əhəmiyyət kəsb edir?

- Rütbə əlbəttə ki, bizə stimul verir. Amma bizim ümumi məqsədimiz bu deyil. Bizim qarşımızda duran vəzifə vətənə xidmətdir. Bizim xidmətimizin qarşılığı kimi bizə rütbə veriləndə təbii ki, bu bizə əlavə güc verir. Həmçinin rütbə qalxdıqca hərbiçinin məsuliyyəti daha da böyüyür.
Bəzən deyillər ki, bu formanı geyinməkdən bezmirsiniz. Əlbəttə ki, yox. Bu mənim üçün şərəfdir.

Hərbçi qadın olaraq müharibə, yoxsa sülh istəyirsiniz?


- Hərbçi olaraq biz bir əmrə tabeyik və cənab Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad olunması barədə əmrini gözləyirik. İstənilən hərbçi şəhidlərimizin qisasını almaq arzusu ilə yaşayır. Müharibə olarsa biz qadın hərbçilər kişilərlə bərabər çiyin-çiyinə vuruşmağa hazırıq. Buna bizim həm fiziki, həm də mənəvi gücümüz var. Bizim müharibədə qalib gəlmək üçün kifayət qədər gücümüz var və bunu əminliklə deyirik.
Amma bir qadın olaraq təbii ki, sülh, əmin-amanlıq istəyirəm. Məncə, dünyanın bütün qadınları sülhün tərəfindədir.




Sizin ideal saydığınız hərbçi varmı?

- Mənim üçün ideal hərbçi qadın polkovnik Zərifə xanım Əliyevadır. O xanımdan nümunə götürmək olar. Məncə, əsl Azərbaycan hərbçi qadın məhz o cür olmalıdır. Evində xanım, işdə hərbçi.

Azərbaycanda general qadın varmı ?

- Hazırda hərbçi qadınlar arasında generallarımız var. Fikrimcə, növbəti illərdə qadın generallarımızın sayı daha da artacaq. Çünki bu gün qadınların hərbiyə diqqət və marağı əvvəlki illərdən tam fərqlidir. Buna zaman lazımdır. Silahlı Qüvvələrimizdə ömrünü orduya həsr etmiş yüksək rütbəli kifayət qədər qadın hərbçi var. Bu gün cənab Ali Baş Komandan İlham Əliyevin orduya diqqəti böyükdür. Biz bu işin içində olan bir şəxs kimi bunu daha çox hiss edirik.

Bir hərbçi qadın olaraq sonda nə sözünüz var?

- Biz müharibə şəraitində yaşayırıq. Buna görə də biz vətən uğrunda savaşa hazır olmalıyıq. Bəzən sosial şəbəkələrdə rast gəlirəm ki, deyirlər filan şəxs hərbiyə getmirsə, mən niyə gedim. Bu fikir ümumiyyətlə, yanlışdır. Vətən hər kəsindir. Onu sevmək və qorumağa hamımız borcluyuq. Mən qadın hərbçi olaraq vətən uğrunda vuruşmağa və bu döyüşlərdən qalib çıxmağa hazıram.


Miri Məcidli
Foto: Elvin Abdulla
Femida.az

Açar sözlər:

Oxunub: 25930