Kirayə ev, yoxsa priton? ARAŞDIRMA


17:16     13 May 2015 ev.jpg

Gündəlik kirayə evlərdə nə baş verir?

“Daha çox xarici vətəndaşlara mənzillər kirayə verilir.”

Femida.az Bakıda gündəlik kirayə verilən evlər və onlardan nə məqsədlə istifadə edilməsi barədə araşdırma aparıb.

Gündəlik kirayə evlərə maraq nədəndir?

Araşdırma zamanı məlum oldu ki, Bakıda fəaliyyət göstərən otellərin gecəlik qiymətləri heç də ucuz deyil. Bir gecəlik otellərdə gecələmək üçün ən azı 70-80 manat ödəmək lazım gəlir. Bu isə kifayət qədər yüksək qiymətdir. Bu səbəbdən də insanlar gündəlik kirayə verilən evlərə üz tutmağa məcbur olur.
Biz də əmlak bazarında olan vəziyyəti araşdırmaq məqsədilə bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə əlaqə saxladıq. Kirayə işləri ilə məşğul olan “Bakunet” şirkətindən məsələylə bağlı münasibət öyrəndik.

Sualımızı şirkətin operatoru belə cavablandırdı: ” Bizdə yalnız xarici vətəndaşlara kirayə evlər verilir.Yerli vətəndaşlara evlər verilmir. Səbəbinə gəldikcə isə xarici vətəndaşlar daha yaxşı pul ödəyir.Həm də problemsiz olurlar.Xaricdən gələn qonağınız olsa buyurun, kömək edək.”

Növbəti müraciət etdiyimiz şirkət RS şirkəti oldu. Şirkətin təmsilçisi bunları bildirdi: “ Biz daha çox mərkəzdə olan evləri kirayə veririk. Ancaq evləri ən azı 5 günlük kirayələsəniz, qala bilərsiniz. Bizə belə daha sərfəlidir. Evdə kimin qalmasının o qədər də önəmi yoxdur. Ancaq ən azı 5 gün qalmalıdır.

İnternetdə bu cür gündəlik kirayə verən şirkətlərlə yanaşı mənzillərin sahiblərinin də nömrələrinə rast gəlmək olur. Araşdırma apardığım zaman bir neçə mənzil sahiblərini danışdırmağa çalışıram.

Özünü mənzil sahibi kimi təqdim edən Sevil Orucova şəhərin mərkəzində evi olduğunu və gündəlik 50 manata kirayə verdiyini dedi.

Bəs mənzilinizdə kimin qalmasının fərqi varmı? Sualına xanım belə reaksiya verdi: ” Mənə bunun fərqi yoxdur. Pulumu verirlər. Kim qalırsa, mənə o maraqlı deyil. Hələ ki, problem olmayıb. Mən evə adam buraxanda əvvəlcə onun şəxsiyyət vəsiqəsini alıram .”

Növbəti əlaqə saxladığım şəxs mənzil sahibi Qurban oldu. Əvvəlcə suallarımı çox sadə şəkildə cavablandırdı. Amma məlum olanda ki, mənzillə maraqlanan jurnalistdir, suallara cavab verməkdən imtina etdi. Səbəbini isə belə izah etdi: ” Mən evimi gündəlik cavan oğlanlara kirayə verirdim. Saatlıq və günlük. Ancaq sonradan bir jurnalist bunu öz yazısında yazandan sonra başıma iş gəldi. Ona görə jurnalist görəndə qaçıram.” Özümüz də şahidi olduq ki, gündəlik kirayə evlər heç də gecəlmək üçün deyil, daha çox priton yerlər kimi istifadə olunur.

Bəs qanunvericilik bu haqda nə deyir? Evini əxlaqsızlıq yuvası kimi kirayə verən mənzil sahibləri məsuliyyət daşıyırmı?

Hüquqşünas Məhərrəməli Həmidov qanunvericilikdə tutulan hallarla bağlı suallara aydınlıq gətirdi:

“ Qeyd etdiyiniz maddə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244- cü maddəsinə aiddir. Burada məsuliyyət iki ilədək müddətinə islah işləri ve ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

Hüquqşünas Sadiq Əfəndiyev mövzu ilə bağlı bunları açıqladı:

“ Əgər həmin mənzildə əxlaqsızlığı kirayəçi təşkil edibsə və mənzil sahibinin bu işdən xəbəri yoxdursa, yəni əlbirliyi yoxdursa heç bir məsuliyyət daşımır. Kirayə müqaviləsi varsa evin sahibinin məsuliyyətə cəlb olunma ehtimalı az olacaq”.

Gördüyünüz kimi çoxları üçün bəlkə də adi görünən bir məsələ əslində qanunun pozulmasına gətirib çıxara bilər. Nəticədə siz məsuliyyətə cəlb edilə bilərsiniz. Buna görə də mənzil sahiblərinin bu işdə ehtiyatlı davranmaları əsas məsələlərdən biridir.

Otellərdə qiymətlər baha olduğundan gündəlik verilən kirayə evlərə ehtiyac artır.


“Evini əxlaqsızlıq yuvasına çevirənlər məsuliyyətə cəlb edilə bilər.”

Hüquqşünas Araz Yusifov:

” Mənzilin mülkiyyətçisinin o halda məsuliyyəti yaranar ki, o, kirayə verdiyi mənzilin fahişəliklə məşğul olmaq, həmin yaşayış sahəsindən əxlaqsızlıq yuvasının təşkil edilməsi və saxlanılması üçün istifadə olunacağını bildiyi halda mənzili kirayə vermiş olsun. Bu əməl niyyətlə ifadə olunduğuna görə mülkiyyətçinin belə bir niyyətinin yaranmış olmasının sübut edilməsi zəruridir. Əgər mülkiyyətçi mənzili müqavilə əsasında yaşayış məqsədilə kirayə veribsə, yaşayış sahəsinin sonradan hansı məqsədlə istifadə edilməsindən məlumatsızdırsa və bu, şahid ifadələri və ya digər sübütlarla təkzib olunmursa, onun əməli cinayət məsuliyyətinə səbəb ola bilməz.”

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7039