`Tatu`lu əsgər niyə olmaz? - ARAŞDIRMA


16:00     15 May 2015 tatuj.jpg

Azərbaycanda hərbi xidmətə çağırış yaşı çatmış gənclərlə bağlı bir məsələ gündəmdədir. Belə ki, bədəninin müxtəlif nahiyələrində tatuaj etdirən hərbi xidmətə çağırış yaşlı gənclər məhz buna görə psixiatriya xəstəxanalarında məcburi müayinəyə cəlb olunur.

Femida.az faktı dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kapitan Nurəddin Heydərovun sözlərinə görə çağırışçıların psixiatriya xəstəxanalarında məcburi müayinəyə cəlb olunmasının məqsəd onların hərbi xidmətə yararlı olub olmamasının müəyyənləşdirilməsidir:

“Xüsusi Qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq bədənlərinin müxtəlif nahiyələrində tatuaj, döymə olan çağırışçıların mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi üçün onlar psixiatriya xəstəxanalarına stasionar müayinəyə cəlb edilirlər. Bu müayinənin nəticəsindən asılı olaraq çağırışçıların müddətli həqiqi hərbi xidmətə yararlı olub olmaması müəyyən edilir.”

Bəs gənclərin psixiatriya mərkəzlərində məcburi müayinəyə cəlb olunması insan hüquqlarına zidd deyilmi?

Femida.az bu sualı cavablandırmaq üçün millət vəkili hüquqşünas Çingiz Qənizadə ilə əlaqə saxladıq. Onun fikrincə, çağırışçıların müayinədən keçməsində hansısa hüquq pozuntusundan söhbət gedə bilməz:

“Məlumdur ki, orduda bəzən əsgərlər arasında cinayət hadisələri baş verir. Bu hadisələrin gələcəkdə qarşısın almaq üçün həkim müayinəsi labüddür. Şəxslərin müayinədən keçməsində hansısa hüquq pozuntusundan söhbət gedə bilməz. İnsanlara psixi xəstə diaqnozunun qoyulması üçün mütləq həkim diaqnozu lazımdır. Çağırışçıların psixoloji durumu normal olmalıdır. Hərbi xidmətə çağırılan insan tam sağlam olmalıdır. Yəni, təkcə psixiatrik yox, bütün xəstəliklərə qarşı əvvəlcədən müayinədən keçmək uğurlu bir addımdır. Bu sadəcə olaraq önləyici tədbir xarakteri daşıyır.”

Femida.az hüquqşünas Anar Qasımlı ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, çağırışçıların məcburi surətdə psixiatriya xəstəxanalarında müayinəyə göndərilməsi insan hüquqlarının pozulmasına gətirib çıxarmır:

“Çağırışçıların məcburi surətdə psixiatriya xəstəxanalarına göndərilməsində məqsəd onların müayinə olunmasıdır. Müəyyənləşdirmək istəyirlər ki, bu insanlarda psixi xəstəliyin əlaməti var, yoxsa yoxdur. Onlar düşünürlər ki, normal insan öz bədənində tatuaj, döymə vurmaz. Yəni bu hansısa psixoloji problemlə bağlı ola bilər. Bir sözlə çağırışçıların psixiatriya xəstəxanalarında müayinədən keçməsi mormal bir haldır. Burada insan hüquqlarının pozulması faktından söhbət gedə bilməz.”

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5329


Oxşar xəbərlər