Elşad Abdullayevlə əlbir olan israilli tutuldu ( FOTO)


02:41     05 Dekabr 2015 86b221d85e1e4.jpg

Azərbaycan və başqa ölkələrdə insan orqanlarının qaçaqmalçılığında ittiham edilən, beynəlxalq axtarışda olan İsrail vətəndaşı Boris Volfman Türkiyədə həbs edilib.



ANS PRESS-in məlumatına görə, Volfman Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İstanbulda saxlanılıb.

Onunla birlikdə post-sovet respublikalarında və Şərqi Avropa ölkələrində orqanların və qanunsuz transplantasiyanın qaçaqmalçılığında ittiham edilən daha yeddi israilli həbs edilib.


Cinayət işinin materiallarına əsasən, 2008-2014-cü ildə B.Volfmanın da daxil olduğu qruplaşmanın üzvləri Kosovo, Azərbaycan, Türkiyə və Şri-lankada donorların axtarışları ilə məşğul olub və xəstəxanalarda orqanların transplantasiyası üzrə qanunsuz əməliyyatlar keçiriblər.

Bir müddət əvvəl isə Azərbaycan Baş Prokurorluğu da orqan transplantasiyası ilə bağlı məlumat yaymışdı.

İnsan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq mühafizə orqanlarından daxil olan hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yaymışdı.



Məlumatda bildirilir ki, universitetinin rektoru Elşad Abdullayevin, tabeçiliyində olan Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılovaya həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda qanunsuz göstəriş verməklə İsrail vətəndaşları Boris Volfman, Yuri Katsman və digərləri ilə əlbir olub cinayət əlaqəsinə girərək "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq, 2009-cu ilin mart-dekabr aylarında Ukraynadan Azərbaycan Respublikasına gətirilmiş təqsirkar şəxslərdən maddi cəhətdən asılı olan donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb 11 nəfər İsrail, 1 nəfər Fransa və 1 nəfər ABŞ vətəndaşları olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaratması, həmçinin Dilarə İsmayılovanın hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparmadan nağd qaydada ümumilikdə 130.0 min ABŞ dolları məbləğində pulu alaraq mərkəzin kassasına mədaxil etmədən Elşad Abdullayevə verməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında şübhələnmək üçün əsaslar olduğundan cinayət işi üzrə Elşad Abdullayev və Dilarə İsmayılova Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.


Açar sözlər:

Oxunub: 1066