Əliyevlə Sarkisyanın nəticəsiz görüşü - TƏHLİL


16:22     21 Dekabr 2015 eliyevle%20sarkisyan.jpg

İki gün bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin paytaxtı Bern şəhərində görüşü baş tutdu. Bu, İlham Əliyevlə Sarkisyan 2014-cü il oktyabrın 27-dən bəri ilk görüşü idi.


Görüşdə eyni zamanda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan və ATƏT Minsk Qrupunun həmsədrləri də iştirak edir.

Hər dəfə İlham Əliyevlə Sarkisyan görüşdükdən sonra ən az bir həftə görüşün yekunları müzakirə olunardı. Lakin nədənsə bu görüş əvvəlkilərə nisbətən bir az sönük keçdi. Yəni görünən odur ki, münaqişənin həlli istiqamətində ciddi müzakirələr aparılmayıb.

Görüşün nəticələrini Femida.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikrincə, görüşlə bağlı yekun bəyanatda ümidverici heç nə yoxdur:

“Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü gözlənildiyi kimi nəticəsiz yekunlaşdı. Bu görüş daha çox həmsədrlərə lazım idi. İlin sonudur, yekun hesabat hazırlamalıdırlar, birini öz nazirlərinə, digərini ATƏT rəhbərliyinə təqdim etməlidirlər. Yazmağa isə mövzu yox idi. Çünki, bir tərəfdən cəbhə bölgəsində vəziyyət gərgin, atəşkəsin mövcud olduğu 21 ildə ilk dəfə ağır texnikadan istifadə edilir, digər tərəfdən Bernə qədər Azərbaycan və Ermənistan prezidentlərini görüşdürə bilməmişdilər. Həmsədrlərin Bern görüşünün yekununa uyğun olaraq yaydıqları bəyanatda nəsə ümidverici cümlə yoxdur ki, 2016-cı ildə danışıqlarda irəriləyiş olacağını ehtimal edə biləsən. Məsələn bəyanatda yazıblar ki, prezidentlər ağır texnikanın ifadəsindən narahatdırlar. Bizim belə bir narahatlığımız niyə olmalıdır ki? Düşmən dövlətin Dağlıq Qarabağdan kənardakı (Ağdam, Fizuli...) postları vurulmalıdır və bu gələn il də davam edəcək. Həmçinin, yazıblar ki, prezidentlər guya “Minsk qrupu” formatına inamlarını təsdiqləyiblər. Bunun belə olmadığını Azərbaycan prezidentinin xarici siyasi məsələlər üzrə dövlət müşaviri Novruz Məmmədovun az qala hər həftə verdiyi açıqlamalarda müəyyənləşdirmək mümkündür”.

Politoloq Qabil Hüseynli də görüşün nəticəsiz başa çatdığı qənaətindədir:

“Düşünürəm ki, nəticəsiz bir görüş oldu. Görüşün nəticəsi olaraq səslənmiş bəyanat da faktiki olaraq heç bir mübət irəliləyişdən xəbər vermir. Bəyanatda da qeyd olunur ki, Dağlıq Qarabağla bağlı bütün məsələlər sülh danışıqları yolu ilə həll olunsun və s. Nəinki Dağlıq Qarabağ, hətta ətraf 7 rayonla bağlı da heç bir müzakirə aparılmadı. Nəticə etibarilə, görüş nəticəsiz qaldı”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3480