Çingiz Mustafayevin ad günüdür - 56 yaş


16:09     29 Avqust 2016 34969.jpg

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür. O, 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində hərbçi ailəsində anadan olub.


1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə başa vurub. Təhsilini bitirən gənc Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyir.

1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.

Çingiz həkim olsa da jurnalistikaya böyük həvəsi olub.1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərib.

Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə alıb. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağlayıb.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz təkcə Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul ediblər.

Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapıb. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanınıb. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürüb. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.

Evli idi, bir övladı yadigar qalıb.

Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

DİN-nin Şüvalandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS-ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri qəhrəmanımızın adını daşıyır. Yaşadığı binanın önündə barelyefi vurulub.

General Cəmşid Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub. 2011-ci ilin avqustunda Almaniyada 3 min nüsxə ilə onun təsviri olan poçt markası buraxılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 5556