Abituriyentlərin intiharında kimlər günahkardır?


22:08     29 İyul 2015 711976.jpg

Bu il ali məktəbə imtahan verən abituriyentlərdən ikisi qəbul imtahanında az bal topladığına görə intihar edib. Onlardan biri Kürdəmir rayonun Pirili kənd sakini 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım, digəri Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Ruhin Bədəlovdur.


Bir çoxları bu intiharlara səbəbi onların valideynlərində, bir qismi isə, təhsil sistemində axtarır. Görəsən, insan ömrünün gənc çağında niyə intihar etmək bu qədər adiləşib? Bu intiharlara səbəb nədir?

Psixoloq Dəyanət Rzayev Femida.az açıqlamasında abituriyentlərin intiharına səbəb valideyinləri göstərir.

“Bu uşaqlar tam sağlam uşaqlardı. Mən onları qınamıram. Ailələrin ən böyük arzusu övladlarının ali məktəblərə qəbul imtahanlarında uğur qazanmasıdır. Valideynlər bunun üçün əllərindən gələni edirlər. Lakin onların səhv etdikləri məqamlar da olur. Onların valideynləri günahkardır. Həmişə uşaqlarda günah hissi yaratmağa çalışırlar. Valideynin imtahan öncəsi “Sənin üçün bu qədər pul xərcləmişəm, mütləq qəbul olmalısan. Daxil olmasan biabır olarıq. Camaat nə deyər” deyə göstərdiyi psixoloji təzyiqləri də imtahana hazırlaşan şəxsdə etibarı doğrulda bilməmək kimi özünə qarşı inamsızlıq hissləri yaradır. Bu da nəticədə uşaqların uğursuzluğa düçar olmasına, özünə qapanmasına, hətta intiharlara belə gətirib çıxarır”.

Psixoloqun sözlərinə görə, bu cür halların baş verməməsi üçün məktəblərdə imtahanqabağı abituriyentlərin psixoloji durumunun yaxşılaşdırılması üçün psixoloqlar məşğul olmalıdırlar.

Sosioloq Əhməd Qəşəmoğlu da valideynlərin imtahanda uğursuzluq əldə etmiş övladlarına təzyiq göstərməməli olduğunu deyir.

“Bu, bir çox hallarda faciə ilə nəticələnir. Valideyn övladının yaxşı nəticə toplamasını istəyirsə orta məktəb dövründə, xüsusən də imtahanlara yaxın zaman ona kömək etməlidir. Əgər valideyn öz övladı ilə qarşılıqlı əlaqələri yaxşı qura bilməyibsə, bu intiharla nəticələnir. Abituriyent nə qədər çalışsa da, onun bacarığı məhdud olur. Eyni zmanda imtahan müddətində gərgin ola bilər. Bütün bunlar onun uğursuzluğu üçün kifayətdir”.

Sosioloqun fikrincə, valideynlər bu faktorları nəzərə almalı, övladlarına dəstək olmalıdır ki, bu hadisə həmin şəxsin faciəsinə çevrilməsin.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1452