31 ölkədən tələbələr Qusara toplaşdı


14:34     03 İyul 2017 qusar1.jpg

Bu gün Qusar şəhərində "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransı start götürüb.


BP şirkətinin dəstəyi ilə təşkil olunan konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti, professor Devid Uiddouson, Uruqvay Milli Gömrük Direktorluğunun rəhbəri Enrike Kanon və Gürcüstan Gömrük Departamentinin rəhbəri Vladimer Xundadze iştirak edir.

DGK-nin sədri açılış mərasimində qonaqları salamlayıb, konfransın əhəmiyyəti barədə danışıb.

Konfransın fəxri qonağı - Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard Preskottun "ABŞ iqtisadiyyatının mövcud vəziyyəti" mövzusunda çıxışı dinləniləcək. İyulun 4-də isə digər fəxri qonaq - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Kristofer Pissarides "Robotlar və süni intellekt dövründə fəaliyyət" mövzusunda məruzə söyləyəcək.

Konfransa Azərbaycan da daxil olmaqla 31 ölkədən - Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Kamboca, Çin, Gürcüstan, Almaniya, Macarıstan, İslandiya, İran, İtaliya, Qazaxıstan, Laos, Litva, Makedoniya, Moldova, Filippin, Polşa, Rusiya Federasiyası, Seneqal, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay, Amerika Birləşmiş Ştatları, Özbəkistan və Vyetnamın universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də məşhur gömrük mütəxəssisləri qatılıb.

Həmçinin konfransda 4 beynəlxalq təşkilatın (Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi, BP və Easy Frontier) nümayəndələri iştirak edir.

Konfrans "Ticarətin asanlaşdırılmasında gömrük idarəçiliyinin rolu", "Gömrük sahəsində qabaqcıl təcrübələr", "Gömrük-Biznes tərəfdaşlığı", "Gömrük qanunvericiliyinin modernləşdirilməsində beynəlxalq təcrübə", "Rəqəmsal gömrük/elektron gömrük, elektron ticarət və gömrük məlumatlarının təhlili" və "Biliyə əsaslanan gömrük təhsili (bacarıqlar, səriştələr və s.)" adı altında 6 sessiya üzrə keçiriləcək və sessiyalarda 60-dək məruzə dinləniləcək.

Məruzələr isə gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar, sərhəd və ticarət təhlükəsizliyində gömrüyün rolu, gömrük əməliyyatları və risklərin idarə edilməsi, gömrük infrastrukturunun inkişafı, gömrük-biznes nailiyyətləri, gömrük qanunvericiliyinə riayət olunmasının idarə edilməsi, elektron kommersiyanın gömrük tənzimlənməsi, gömrük işi sahəsində kadrların hazırlanması üzrə innovativ yanaşmalar və s. mövzuları əhatə edəcək.

Xatırladaq ki, I Beynəlxalq Tələbə Konfransı "Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması" mövzusunda 2016-cı ilin iyun-iyul aylarında Qəbələ şəhərində keçirilib.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 746