Lütfi Zadə dəfn olundu
18:07 29 Sentyabr 2017
Dünya şöhrətli alim Lütfi Zadə dəfn olunub.
Femida.az-ın məlumatına görə, o, I Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, AMEA prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, MSK sədri Məzahir Pənahov və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.
O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.
Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.
Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.
Dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.
Onun cənazəsi sentyabrın 29-da Bakıya gətirilib.
Femida.az
Oxunub: 950
Oxşar xəbərlər
- Lütfi Zadənin cənazəsi Bakıya gətirilib
- Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək
- Lütfi Zadə ilə vida mərasiminin vaxtı məlum olub
- Lütfi Zadənin nəşi Bakıya gətirilir
- Lütfizadənin cənazəsinin gətirilməsi ləngiyə bilər
- Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək
- Lütfi Zadənin nəşi nə zaman gətiriləcək?
- Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq
- Lütfi Zadəyə `fındıqbaş` deyən məmuru hansı cəza gözləyir? - Vəkil danışdı
- Lütfi Zadənin cənazəsi Azərbaycana gətiriləcək