Hüquqşünaslar prezidentə müraciət etdi - VİDEO
15:46 20 Oktyabr 2017
Dünən bir qrup hüquqşünasın iştirakı ilə Vəkillik Fəaliyyəti haqqında Qanuna dəyişikliklə bağlı Milli Məclisə təklif edilən layihəyə görə dəyirmi masa keçirilib.
Femida.az xəbər verir ki, "Azərkitab"ın konfrans zalında baş tutan dəyirmi masada Nicat Gözəlov, Fərhad Mehdiyev, Nemət Ağalarov və digər hüquqşünaslar qatılıb.
Tədbirə qatılan hüquqşünaslar Nümayəndəlik İnstitutunun ləğvinin ölkədə hüquqi xidmətlə məşğul olan hüquqşünasların fəaliyyətinə mənfi təsir edəcəyini vurğulayıblar.
Nicat Gözəlov bildirib ki, bu addım vətəndaşların hüquqi yardım almaq imkanlarını məhdudlaşdıracaq. O bildirib ki, 2000-ə yaxın gənc hüquqşünasımız müvafiq qaydada qeydiyyatdan keçərək vətəndaşlara hüquqi yardım göstərir və bir çox hallarda bu yardımlar ödənişsiz əsaslarla həyata keçirilir. Onun fikrincə, qanuna ediləcək bu dəyişiklik Məhkəmə sistemində xaos yarada bilər:
“Son 4-5 ildə, böyük bir Ailə olaraq, Kollegiyanın üzvü olub-olmamasından asılı olmayaraq bütün hüquqşünaslarımızla çiyin-çiyinə Azərbaycanda hüquqi islahatların həyata keçirilməsi, əhalinin maarifləndirilməsi və yardım edilməsi, savadlı gənc nəsil hüquqşünasların hazırlanması, məhkəmələrdə insanlarımızın hüquqlarının peşəkarlıqla müdafiəsinin təmin edilməsi sahəsində böyük işlər görülmüşdür və Hüquq müdafiəsi institutu vəkillərin, təmsilçilərin, nümayəndələrin timsalında insanların pozulmuş hüquqlarının bərpa edilməsində yaxşı nəticələr əldə etmişdir. Dünyada, əsasən də inkişaf etmiş dövlətlərdə ən demokratik və humanist institutlardan biri olan Nümayəndəlik İnstitutunun ləğvinə, hüquq müdafiəsinin inhisarçılığa məruz qalmasına, hüquqi yardım və hüquqi xidmətlə məşğul olan hüquqşünaslara münasibətdə məhdudlaşdırılmalara yönəlmiş cəhdlər Hüququn təməl prinsiplərinə ziddir”.
Tədbirdə çıxış edən hüquqşünas Fərhad Mehdiyev bildirib ki, nümayəndəlik İnstitutunun ləğvi ölkədə hüquqi xidmətlə məşğul olan hüquqşünasların fəaliyyətinə mənfi təsir edəcək. Onun fikrincə bu addım vətəndaşların hüquqi yardım almaq imkanlarını məhdudlaşdıracaq.
Tədbirin sonunda hüquqşünaslar Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı qanun layihəsinin Milli Məclisin müzakirəsindən çıxarılması üçün Prezident İlham Əliyevə müraciət ediblər.
Müxbir: Ceyhun Əhmədli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Femida.az
Oxunub: 8735
Oxşar xəbərlər
- Hüquqşünaslarla bağlı qalmaqallı məsələ yenidən Milli Məclisdə
- Hüquqşünaslar nümayəndəlik institutunun ləğvinə etiraz etdi
- Hüquqşünaslar 3 gəncin müdafiəsinə qalxdı – İcra Hakimiyyətindən açıqlama (VİDEO)
- Hüquqşünaslar Femida.az-ı təbrik edib
- Hüquqşünasların nəzərinə! Vəkilliyə sənəd qəbulunun müddəti uzadıldı
- Hüquqşünaslar ELSA-nın məktəbində
- Hüquqşünaslar banklarla bağlı Baş prokurora müraciət edəcək - Açıqlama
- Hüquqşünaslar vətəndaşların müdafiəsinə qalxdı - MÜRACİƏT
- Hüquqşünasların jurnalı çıxdı
- Hüquqşünaslara xoş xəbər...