Uşaqlarını təhqir edən valideynlər məhkəmədə cavab verəcək


15:13     06 Sentyabr 2017 366041.jpg

Dəcəllik edən uşaqların valideynləri, yaxud da müəllimləri tərəfindən təhqir edilməsi, ləyaqətinin alçaldılması halları ilə tez-tez rastlaşırıq. Məsələnin ən dəhşətli tərəfi ondan ibarətdir ki, əksər ailələr tərəfindən bu cür hallar çox adi və normal qəbul edilir. Sözsüz ki, bütün bunlar uşağın gələcək inkişafına ciddi şəkildə mane olur.


İlk növbədə nəzərə almaq lazımdır ki, uşaqları təhqir etmək birmənalı olaraq qadağandır. Belə ki, Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə görə, hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Təhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı, tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. Uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin alçaldılması yolverilməzdir.

Femida.az xəbər verir ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda uşaqların sərbəst şəkildə fikirlərini ifadə etmək hüququ var. Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə, hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər.

Həmin maddədə göstərilir ki, dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir. Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar istisna olmaqla uşaqların məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər üçün istifadə olunması qadağandır.

Qanunvericilik uşaqlara hətta öz hüquqlarının müdafiəsi üçün məhkəməyə və aidiyyəti orqana müraciət etmək hüququ da verib. Belə ki, Ailə Məcəlləsinin 51-ci maddəsinə görə, uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Bu maddəyə görə, uşaqların hüquqlarının müdafiəsi müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən, valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Sözügedən maddədə həmçinin qeyd olunur ki, uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1531