Sarkisyanın Putinə dediyi yalan - Faktlar


16:08     15 Avqust 2016 19509431_news_bigpicsarkisyan%20putin2.jpg

Avqustun 10-da Moskovada Serj Sarkisyan ilə görüş zamanı Vladimir Putin bu sözləri ifadə etdi:

“Mən çox məmnun olduğumu qeyd etmək və sizi bu münasibətlə təbrik etmək istəyirəm. Keçən ilki rəqəmlərə baxıram, Ermənistanın Avrasya İqtisadi Birliyinə üzv olandan sonra ÜDM-i 10% artıb. Bu, əlbəttə, çox müsbət göstəricidir. Ümid edirəm, bu müsbət tendesiya davam edəcək” .


Təbii ki, həmin sənədi Putinə təqdim edən məhz Sarkisyanın özü olub.

Serj Sarkisyanın “təvazökarlığı və cəsarəti” icazə vermədi, Putinə desin ki, 2015-ci ildə Ermənistanın ÜDM-i, daha dəqiq desək, iqtisadi artımı 3% təşkil edir. Qeyd edək ki, Ermənistan 2015-ci ilin yanvarın 2-də Avrasya İqtisadi Birliyinə üzv olub.

Reallıq odur ki, 2008-dən bu yana, yəni Serj Sarkisyan prezident olandan bugünə qədər Ermənistanın iqtisadiyyatında 10%-lik artım heç vaxt qeydə alınmayıb. Bundan başqa indiyə qədər Ermənistann 2015-ci il iqtisadi göstəriciləri böhrandan öncəki 2008-ci il göstəricilərinə çatmayıb.

Yeri gəlmişkən, müqayisə üçün həmçinin qeyd edək ki, 1994-cü ildə Ermənistan müharibədən təzə çıxmışdı və iqtisadi artım 4.3% təşkil edirdi. Bu, 2015-ci illə müqayisədə yüksək göstəricidir.

Ermənistan iqtisadiyyatında 1992-ci ildə 42%, 1993-cü ildə isə 9% düşüş yaşanıb. 1992-ci ilin yanvar-avqust aylarında Ermənistan baş naziri Qaqik Arutyunyan, avqust ayından 1993-cü ilin fevralınadək indiki Konstitusiya məhkəməsinin sədri Xosov Arutyunyan idi.

Ermənistanın Avrasya İqtisadi Birliyinə üzv olandan öncəki illərdə iqtisadi artımı 2015-ci illə müqayisədə nisbətən daha yüksək olub. Bundan başqa, 2000-ci illərdə baş nazir Andranik Markaryanın zamanında Ermənistanda iqtisadi artım yaşanıb.
Həmçinin, qeyd etmək lazımdır ki, 2009-ci ildə Tiqran Sarqisyan baş nazir vəzifəsini icra edərkən Ermənistan iqtisadiyyatında 14% geriləmə yaşanıb. Bu da 1993-cü ildən bəri qeydə alınmış ən pis nəticədir.

Putin 2015-ci il ərzində iqtisadi artımın 10% olduğunu bildirir, halbuki bu il ərzində Ermənistanı tərk edənlər və qayıdanlar arasındakı fərq 43.438 nəfər təşkil edir. Daha böyük miqrasiya 2011-ci ildə 43.820 nəfər olub və ümumiyyətlə, Sarkisyan prezident olduğu gündən bugünə qədər ölkəni 310 min nəfər insan tərk edib, daha dəqiq desək, hər gün orta hesabla Ermənistanı 100 nəfər tərk edib və geri qayıdan olmayıb.

Nəticə etibarilə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etmiyənədək iqtisadiyyatında hər hansı bir müsbət artım baş verməyəcəkdir.

Ehtiram Aşırlı
Femida.az üçün

Açar sözlər:

Oxunub: 9944