Hüseyn Cavid prospektində piyada keçidi tikilir


19:24     16 Dekabr 2016 yol-3.jpg

Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb.


“Azəravtoyol” ASC-dən Femida.az-a verilən məlumata görə, ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metr olacaq. Bura keçidin 21,9 metr uzunluğunda olan pilləkən hissələri və 35,2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3,2 metr olacaq. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunacaq.

Piyada keçidi nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Qeyd edək ki, keçiddə fiziki qüsurlu insanların hərəkəti üçün panduslar quraşdırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 995