Hüquq müdafiəçisi: `Qadınları əməyə cəlb etmək lazımdır`


17:58     15 May 2015 11174447_348117128718145_6619215271830554986_o.jpg

Femida.az-ın “De-yure” layihəsinin növbəti qonağı Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovdur.


- Sahib bəy, hazırda ölkəmizdə qadınlar daha çox təhsil və səhiyyə sahəsində çalışırlar. İşsizliyin səviyyəsi isə kişilərə nisbətən qadınlar arasında daha çoxdur.

- Rəsmi statistikanı araşdıranda belə bir mənzərə ortaya çıxır. Bu qədər Dövlət proqramları, Milli Fəaliyyət planları var. Onların bir çoxunda qadınların məşğulluğunun təmin olunması, qadınların əmək bazarında rəqəabət imkanlarının artırılması ilə bağlı tədbirlər nəzərdə tutulur. Məsələn Azərbaycan Respublikasının Məşğulluq Strategiyası qəbul olunan il, yəni 2005-ci il göstəricilərinə görə məşğul qadınların sayı 1 957 600 nəfər idisə 2012-ci il 2 153 500 nəfər idi. Göründüyü kimi kəmiyyət göstəriciləri üçün əhəmiyyətli dəyişiklik yoxdur. Qadılar təhsil,səhiyyə, mədəniyyət sahələrində sayca əksəriyyət təşkil etsələr də bu sahələrin idarə edilməsində onların rolu çox zəifdir.

- Buna səbəb nədir?

- Səbəblər çoxdur. Sterotiplərdən tutmuş, müvafiq infrastrukturun zəif olmasına qədər. İndi çoxları qadınların əmək bazarına çıxışının asanlaşdırılmasından yox, əksinə onların daha çox evdə qalmalarını təmin edən tədbirlərin həayat keçirilməsini təşviq edir. Məsələn, analıq məzuniyyətinin vaxtının uzadılması, uşaqlara daha çox müavinət verilməsi, sosila məzuniyyətə görə ödənişlərin artırılması və s.

- Qadınların əmək bazarına çıxışını əngəlləyən hansı problemlərdi?

- Əslində qadınların əmək bazarına çıxışını əngəlləyən dolayı və ya gizli dskriminasiya mövcuddur. Bu da əsasən Əmək Məcəlləsində qadınlar üçün imtiyazların çoxluğu ilə bağlıdır. Bütün imtiyazlar üçün xərclər isə işəgötürənin üzərinə qoyulur. Ona görə də qadıların, xüsusən də potensial anaların işə qəbulunda problemlər var.

- Hansı addımlar atılmalıdır?

- Mənim fikrimcə siyasət bir qədər başqa olmalıdır. Əlverişli ödənişli uşaq bağçaları və körpələr evləri şəbəkəsinin yaradılması, dayəlik məktəblərinin və xidmətlərinin təşkili, sosial məzuniyyətdən qayıdan qadınların peşə hazırlığının bərpası üçün qısamüddətli ödənişsiz kursların yaradılması.

- Qadınların əmək bazarına çıxışını asanlaşdırmaq üçün hansı tədbirlər görülür?

- Xeyli dövlət proqramları, strategiya və Milli Fəaliyyət Planları qəbul olunub. Onların bir çoxunda qadınların əmək bazarına çıxışının təmin edilməsinə, məşğulluqda gender bərabərliyinin real təmin olunmasına yönələn fəaliyyətlər nəzərdə tutulur. Qalır onları yerinə yetirmək. Həm də bayaq dediyim kimi, qadınları evdə daha çox qalmağa sövq edən sistemdən, onları işləməyə sövq edən fəaliyyətlərə üstünlük verilməlidir.

- Qərb ölkələrində maaş saat hesabına görə hesablanır. Necə deyərlər, nə qədər iş, o qədər çörək. Azərbaycanda da saat sistemi ilə əmək haqlarının verilməsi tətbiq oluna bilərmi?

- Əməyin ödənişinin saat üzrə həyata keçirilməsi mütərəqqi sistemdir. Bir çox ölkələrdə 1 saat iş üçün minimal ödəniş müəyyən edilib. Elə ölkələr var ki, orda 1 saat üçün minimal ödəniş 40 avrodan çox müəyyən edilib. Elə ölkə var ki, 7-8 avro. Bizdə isə mimimum əmək haqqı sistemidir. Bizdə bir saat üçün minmimal ödəniş 2 manat müəyyən edilsə, bu zaman bəzi kateqoriya işçilərin - müəllimlər, həkimlərin əmək haqqı az qala iki dəfə artar. Ona görə belə qərar qəbul etməyə hökumət hazır deyil.

- Əlillərin sosial reabilitasiyası ilə bağlı hansı addımlar atılır?

- Əlilliyi olan şəxslərin sosial reablitasiyası bizdə yeni başlayır. Əvvəllər əsasən tibbi reablitasiya mövcud idi. Bu sahədə bəzi müsbət işlər var, amma hələ xeyli işlər də görülməlidir.

- Əlillərin işə götürülməsində nə kimi problemlər var?

- Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının təmin olunması ciddi problemdir. Konkret desək, iş yerlərində əlilliyi olan insanlar üçün zəruri infrastruktur yox dərəcəsindədir. Eyni zamanda işə götürənlər belə infrastrukturun yaranmasında maraqlı deyil. Dövlət onların maraqlı olması üçün hər hansı ciddi stimullar təklif etmir. Onların əmək bazarına çıxışı üçün peşələrə yiyələnməsi üçün ciddi və əhatəli təhsil sistemi mövcud deyil, iş yerləri məhduddur.

- Əlillərin əmək bazarına çıxışını təmin etmək üçün hansı işlər görülə bilər?

- Bayaq sadaladığım problemləri qismən də olsa həll etmədən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının olmasından danışa bilmərik.

- Onlara vergi güzəştləri edilsə daha yaxşı olmazmı?

- Əvvəlki qanunlarda vergi güzəştləri nəzərdə tutulurdu. Nə vergi güzəştləri, nə kvota sistemi effekt verdi. Məncə, başqa yol seçilməlidir.

- Bəs bu problemin aradan qaldırılması sizin hansısa təklifiniz var?

- Əlilliyi olan şəxsləri işlə təmin edən işə götürənlər onlar üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazların qarşılanması üçün tələb olunan xərcləri çəkməli olurlar. Bu güzəşt və imtiyazların qarşılanması üçün tələb olunan xərclərin bir hissəsi dövlət tərəfindən yaradılan xüsusi fond tərəfindən həyata keçirilməlidir. Bu daha effektli olardı, nəinki vergi güzəştləri.

- Əcnəbilər işə götürülərkən müqavilə bağlanılırmı? Ümumiyyətlə Azərbaycanda əcnəbi işçilərin hüquqları necə qorunur?

- Miqrasiya Məcəlləsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir. Məcəlləyə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Məsələ belədir ki, son illərdə vəziyyət xeyli yaxşılaşıb. Amma ölkədə rəsmi iş icazəsi olmadan əmək fəaliyyətini həyata keçirən kifayət qədər əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər var. Bu şəxslərin hamısı tənzimlənməyən əmək miqrasiyasının iştirakçısıdır və təbii ki, onlar həm də qeyri-formal əmək bazarının iştirakçısıdır. Bir çox şirkətlər, əsasən də türk şirkətləri minlərlə əcnəbini heç bir iş icazəsi olmada muzdlu işə cəlb edirlər. Belə şəxslərin əmək hüquqlarından danışmağa belə dəyməz. Onlarla nə əmək müqaviləsi bağlanmır, nə sığorta olunmurlar. Özləri də qeyri-leqal vəziyyətdə. Bir qayda olaraq belə şəxslər aldanılırlar, onlara əmək haqqı ya verilmir, ya da qismən verilir”.

- Əcnəbilərin və ya vətəndaşlığı olmayanların əmək bazarıda qeyri-leqal vəziyyətdə olmasının səbəbləri nədir?

- Əvvəla belə şəxslərin əsas kütləsini Gürcüstan vətəndaşı olan və ya Gürcüstan vətəndaşı olub həmin ölkənin vətəndaşlığını itirən şəxslərdir. Digər ölkələrdən, o cümlədən Cənub-Şərqi Asiyadan və Afrikadan gələnlər də vardır. İndi onların sayı azalmaqdadır. Əsasən türk şirkətlərinin cəlb etdikləri Türkiyə vətəndaşları və yuxarıda qeyd etdiyim kimi Gürcüstandan olan etnik azərbaycanlılar çoxluq təşkil edir.

- Qarşıdan isti yay günləri gəlir. Təbii ki, açıq havada iş prosesi də olur. Bu zaman işəgötürən işçilər üçün əlavə tədbirlər görürmü?

- Əmək Məcəlləsinə görə havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Praktikada bu tələbə əməl olunmur. Biz isti havalarda açıq havada heç bir müdafiə vasitələri olmada çalışan işçiləri vizual olaraq görürük. Nəzarəti Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. Onların da imkanları məhduddur. Müfəttişlərin sayı heç 300 nəfə də deyil. Bu sayda insan on minlərlə işyerinə nəzarət edə bilməz.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 3751